Avstraliya hökuməti internet təhlükəsizliyi ilə bağlı misilsiz addım ataraq 16 yaşdan aşağı istifadəçilər üçün sosial şəbəkələri tam qadağan edib. AzPost xəbər verir ki, yeni qaydalar 2025-ci il dekabrın 10-dan qüvvəyə minəcək və bu qərar dünyanın ən sərt rəqəmsal məhdudiyyətlərindən biri hesab olunur.
Qanuna əsasən, qadağa Facebook, Instagram, TikTok, Snapchat, YouTube, X (keçmiş Twitter), Threads, Reddit və Kick kimi doqquz iri platformaya şamil olunur. Şirkətlər həm yeni qeydiyyatları bloklamalı, həm də 16 yaşdan kiçik istifadəçilərin mövcud hesablarını deaktiv etməlidirlər.
Qaydaları pozan şirkətləri 49,5 milyon Avstraliya dollarınadək cərimə gözləyir. İcra nəzarəti eSafety (Elektron Təhlükəsizlik Komissarlığı) qurumuna tapşırılıb. Maraqlıdır ki, yaş təsdiqi üçün pasport və ya şəxsiyyət sənədi yoxlanmayacaq — platformalar istifadəçinin davranışı, aktivlik nümunələri və süni intellekt əsaslı alqoritmlər vasitəsilə yaşı müəyyənləşdirməlidirlər.
Qadağa WhatsApp, Discord kimi messencerlərə və YouTube Kids və Google Classroom kimi uşaq və təhsil məqsədli xidmətlərə şamil edilmir.
Meta, TikTok və Snapchat artıq yeni qaydalara uyğunlaşmağa başlayıblar. Məsələn, Meta 450 min, TikTok isə 200 min yeniyetmə hesabını bağlayacağını açıqlayıb.
Avstraliyanın rabitə naziri Anika Uells bildirib ki, məqsəd uşaqları cəzalandırmaq deyil, sosial şəbəkələri “uşaqları qoruyan, yoxsa asılı edən alətlər” kimi istifadə etməyə məcbur etməkdir.
Yeni qərar beynəlxalq miqyasda da rezonans doğurub. Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Avstraliyanın təşəbbüsünü “ağlın səsi” adlandıraraq, bu təcrübənin Avropada da nəzərdən keçiriləcəyini istisna etməyib.
Bununla belə, 140-dan çox alim və hüquq müdafiəçisi xəbərdarlıq edib ki, sərt məhdudiyyətlər yeniyetmələri gizli, nəzarətsiz platformalara yönəldə bilər.