AZ

Yüzlərlə insanın ölümünə səbəb olan hərbi təyyarə: "C-130"un qəzalarının statistikası

Ötən gün Azərbaycanın Gəncə şəhərindən havaya qalxan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C130" hərbi nəqliyyat təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb. İlkin ehtimala görə, hava gəmisinin bütün üzvləri həlak olub.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, Gürcüstanda baş verən hadisə bu tip təyyarələrlə bağlı qeydə alınan ilk qəza deyil.

Məsələn: 1 iyul 2012-ci ildə Amerika Birləşmiş Ştatları Hərbi Hava Qüvvələrinin 156-cı Hava Yükləmə Eskadronuna təyin edilmiş C-130H2 təyyarəsi meşə yanğınlarının söndürülməsi missiyasını yerinə yetirərkən Cənubi Dakotanın cənub-qərbində qəzaya uğrayıb. Ekipaj altı nəfərdən ibarət olub; iki nəfər sağ qalıb.

11 fevral 2014-cü ildə Əlcəzair Hərbi Hava Qüvvələrinə məxsus C-130H-30 təyyarəsi Konstantin hava limanından təxminən 30 kilometr cənubda, Oum Əl-Buaqi əyalətinin Ayn Kerşa şəhəri yaxınlığında dağlıq ərazidə qəzaya uğrayıb. Təyyarədə dörd ekipaj üzvü və 72 sərnişin olub; bir nəfər sağ qalıb.

Növbəti hadisə 28 mart 2018-ci ildə Hindistanda olub. Hava gəmisinin göyərtəsində olan 5 nəfərin hamısı vəfat edib. Altı ay sonra eyni təyyarənin Misirdə qəzaya uğraması 6 nəfəri öldürüb.

30 iyun 2015-ci ildə İndoneziya Hərbi Hava Qüvvələrinin 32-ci eskadronuna təyin edilmiş C-130B təyyarəsi Suvondo aviabazasından qalxdıqdan qısa müddət sonra Medan yaşayış məntəqəsinə düşüb. Təyyarədə olan 110 sərnişin və 12 ekipaj üzvünün hamısı həlak olub.

Cəmi dörd ay sonra ABŞ Hərbi Hava Qüvvələrinin 744-cü Ekspedisiya Hava Yükləmə Eskadrilyasına təyin edilmiş C-130J-30 hava gəmisi Əfqanıstanın şərqindəki Cəlalabad hava limanında havaya qalxdıqdan az sonra qəzaya uğrayıb. Təyyarədə olan 11 nəfərin hamısı və qəza yerində olan üç nəfər həlak olub.

Bundan başqa, 11 iyul 2016-cı ildə Portuqaliyakı qəzada üç, 18 dekabr 2016-cı ildə İndoneziyakı qəzada 13, 10 iyul 2017-ci il tarixində ABŞ-dəki qəzada 16, 2018-ci il 29 apreldə Liviyadakı qəzada 3 nəfər ölüb.

Lakin 4 iyul 2021-ci ildə, saat 11:30-da Filippin Hərbi Hava Qüvvələrinə məxsus C-130H (seriya nömrəsi 5125) təyyarəsi ölkənin cənub-qərbində qəzaya uğrayıb. Təyyarədə olan 85 nəfərdən 40-ı xilas edilib. Tələfat baxımından ən böyük tək təyyarə qəzası 26 sentyabr 1992-ci ildə Nigeriyanın Laqos yaxınlığında baş vermiş C-130 qəzası olub. Nəticədə ən azı 158 nəfər ölüb.

Bundan başqa bir çox dövlətlərdə bu tip təyyarələr qəzaya düşüb. Hadisələrdə ölənlər olmasa da, ölkənin büdcəsinə ciddi ziyan dəyib. Bütövlükdə son hesablamalara görə, 327 hərbi modifikasiya edilmiş C-130 təyyarəsi qəzaya uğrayıb ki, nəticədə 3 466 nəfər ölüb.

Qeyd edək ki, "Lockheed Martin" tərəfindən istehsal olunan C-130 Hercules seriyası artıq yarım əsrdən çoxdur ki, dünyanın müxtəlif ölkələrinə satılıb. İlk uçuşunu 1954-cü ildə edən bu model, zamanla müasir tələblərə uyğunlaşdırılaraq "C-130J Super Hercules" variantı ilə yenilənib. Lakin qəzaların sayı onların mükəmməl olmamasından xəbər verir.

Təyyarə hal-hazırda 70-dən çox ölkənin silahlı qüvvələrində xidmət göstərir. "C-130", əsasən hərbi yük və şəxsi heyətin daşınması, hava desantı əməliyyatları, tibbi təxliyə, yanğınsöndürmə, humanitar yardım çatdırılması, eləcə də xüsusi əməliyyatlar üçün nəzərdə tutulub.

Seçilən
13
5
far.az

6Mənbələr