AZ

"Hüquqi dövlət olan Azərbaycan demokratik inkişaf yolundadır" - Deputat

"Azərbaycanın konstitusiya quruluşunun tarixi dövlətçiliyimizin formalaşma mərhələlərini və milli hüquq sisteminin inkişafını nümayiş etdirir. Bu tarixi proses xalqın azadlıq iradəsini, ədalətə və qanunçuluğa sadiqliyini özündə ehtiva edir. Bütün bunlar milli dövlət quruculuğunun möhkəmlənməsinə və hüquqi əsasların təkmilləşdirilməsinə xidmət edib".

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Bədəl Bədəlov deyib. 

Parlamentari bildirib ki, 1918-ci ildə Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması mühüm hadisə idi. Lakin dövlətin qısa müddət mövcudluğu səbəbindən Konstitusiya qəbul edilə bilmədi.

"1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında ilk Konstitusiya qəbul olundu, sonrakı illərdə - 1925, 1927 və 1937-ci illərdə yeni redaksiyalar təsdiqləndi. 1978-ci il aprelin 21-də qəbul edilən son sovet dövrü Konstitusiyasının hazırlanmasında Ümummilli Lider Heydər Əliyevin mühüm rolu olmuşdur. Onun təşəbbüsü ilə 73-cü maddəyə “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” müddəası əlavə edildi.

Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və xalq tərəfindən qəbul edilmiş Konstitusiya dövlət müstəqilliyinin möhkəmlənməsində, hüquqi və demokratik prinsiplərin bərqərar olmasında dönüş nöqtəsi oldu. Ulu Öndər Konstitusiyanın qəbulunu müasir, dünyəvi, hüquqi dövlətin əsas sütunu kimi dəyərləndirirdi. Məhz Ümummilli Liderin uzaqgörən siyasi kursu sayəsində müstəqil Azərbaycanın dövlətçilik modeli beynəlxalq hüququn tələblərinə, milli maraqlara və ümumbəşəri dəyərlərə əsaslanan bir sistemə çevrildi. Müstəqil dövlətin Əsas Qanunu kimi Konstitusiya dövlət hakimiyyətinin bölünməsi, insan hüquq və azadlıqlarının qorunması, hüquqi və sosial dövlət prinsiplərinin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Konstitusiyanın əsas fəlsəfəsi ondan ibarətdir ki, vətəndaş və dövlət münasibətləri qarşılıqlı məsuliyyət, hüquq bərabərliyi və qanun aliliyi prinsipləri üzərində qurulmalıdır. Bu baxımdan Azərbaycan Konstitusiyası həm hüquqi islahatların, həm də demokratik idarəetmənin təməl sənədi olmuşdur.

1995-ci il Konstitusiyasının qəbulundan sonra ölkədə hüquqi islahatlar ardıcıl surətdə həyata keçirilmiş, qanunvericilik bazası müasirləşdirilmiş, dövlət idarəçiliyində şəffaflıq və məsuliyyət prinsipləri möhkəmləndirilmişdir.

2002, 2009 və 2016-cı illərdə edilən dəyişikliklər demokratik idarəetmə modelinin gücləndirilməsi, insan hüquq və azadlıqlarının daha etibarlı təminatı, dövlət orqanlarının fəaliyyət mexanizmlərinin səmərəliliyinin artırılması məqsədinə xidmət etmişdir. 2016-cı il dəyişiklikləri ilə idarəetmə sisteminə müasir dövrün tələblərinə cavab verən yeni təsisat – Birinci vitse-prezidentlik institutu təsis olunmuşdur. Konstitusiyanın əsas prinsipləri – dövlətin suverenliyi, ərazi bütövlüyü və vətəndaşların hüquq bərabərliyi – reallıqda tam təmin olunmuşdur. 2020-ci ilin Vətən müharibəsində qazanılmış tarixi Zəfər, 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri nəticəsində ərazi bütövlüyünün və suverenliyin bərpası Konstitusiyanın hüquqi əsaslarının təsdiqi kimi dəyərləndirilir. Prezident İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi həm müstəqil dövlətçiliyin, həm də Əsas Qanunun qəbulunun 30 illiyinin təntənəsidir. Bu qərar bir tərəfdən tarixi Zəfərimizin hüquqi mənada tamamlanmasını ifadə edir, digər tərəfdən isə Konstitusiyanın dövlətin davamlı sabitliyi və tərəqqisi üçün strateji əhəmiyyətini önə çəkir. Dövlətimizin başçısının təşəbbüsü ilə “Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995–2025)” yubiley medalının təsis olunması isə bu sənədin milli dövlətçilik tarixində əvəzsiz roluna verilən yüksək dəyərin göstəricisidir. Müasir mərhələdə Konstitusiya xalqın iradəsini, milli həmrəyliyi və müstəqil dövlətin dayanıqlı inkişaf yolunu ifadə edən ali hüquqi sənəd kimi yeni dövrün reallıqları fonunda tarixi əhəmiyyət daşıyır". 

Seçilən
19
3
unikal.az

9Mənbələr