AZ

Səbinə Əliyeva: Əsas vəzifəmiz konstitusion dəyərləri qlobal reallıqlara uyğun şəkildə qorumaqdır

BAKI, 12 noyabr. TELEQRAF

“Konstitusiya və qanunun aliliyi müasir hüquq sistemlərində” mövzusuna həsr olunmuş Beynəlxalq Konfransda hər birinizi ürəkdən salamlayır, Azərbaycan Respublikasının Konstitusiyanın qəbul edilməsinin 30-cu və Vətən müharibəsindəki qələbəmizin 5-ci ildönümü münasibəti ilə sizləri səmimi qəlbdən təbrik edir, tədbirin işinə uğurlar arzulayıram".

Teleqraf xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva
“Konstitusiya və qanunun aliliyi müasir hüquq sistemlərində” mövzusunda Beynəlxalq Konfransda deyib.

O, uzun illər ərzində işğal altında qalmış torpaqlarımızın azad olunmasına, ölkəmizin suverenliyinin tam bərpa edilməsinə nail olmuş, keçmiş məcburi köçkünlərin fundamental hüquqlarının bərpasını təmin etmiş Azərbaycan Prezidenti İlham Əliyevə insan hüquqlarının inkişafı sahəsindəki davamlı dəstəyinə görə dərin təşəkkürümü çatdırıb.

"2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi bu tarixi nailiyyətlərin əhəmiyyətini bir daha önə çəkməklə Azərbaycanın gələcək inkişafı üçün yeni mərhələnin başlanğıcını müəyyən etmiş oldu.

Azərbaycanın dövlət müstəqilliyinin bərpası, demokratik dövlət kimi formalaşması və inkişafı görkəmli ictimai-siyasi və dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti və tarixi xidmətləri ilə bağlıdır. Məhz onun rəhbərliyi ilə hazırlanmış və ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyasında bəyan edilən niyyətlərdən biri də qanunun aliliyini təmin edən hüquqi və dünyəvi dövlətin qurulmasıdır. Qanunun aliliyi təkcə cəmiyyətin ədalətli və dayanıqlı inkişafının təməl daşı deyil, həm də insan hüquq və azadlıqlarının ən mühüm təminatçısıdır. Bu baxımdan, Konstitusiyamızda insan hüquq və azadlıqlarının təmin edilməsinin dövlətin ali məqsədi kimi təsbit olunması insan hüquqlarına verilən ən yüksək dəyərin təzahürüdür. Təsadüfi deyildir ki, ölkəmizin Ali Qanununun ən böyük fəsli məhz insan hüquq və azadlıqlarına həsr olunmuşdur" - Ombudsman bildirib.

Səbinə Əliyeva bildirib ki, Konstitusiyanın qəbulu insan hüquqlarının müdafiəsi sahəsində ixtisaslaşmış təsisatların yaradılması baxımından da mühüm əhəmiyyət kəsb etdi: "Ölkəmizin Ali Qanunu ilə təsbit edilmiş dəyərlərin müdafiəsinə və dövlətin konstitusion əsaslarının möhkəmlənməsinə xidmət edən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi yaradıldı.

Ulu Öndərin insan hüquqlarının səmərəli müdafiəsi, təmini və təşviqinə yönəlmiş fərman və sərəncamları ilə bu sahədə müvafiq dövlət proqramı qəbul edildi, insan hüquqlarının müdafiəsi üzrə effektiv mexanizm olan Ombudsman institutunun əsası qoyuldu. Bununla əlaqədar, Ombudsman haqqında Konstitusiya Qanunu qəbul olundu və Konstitusiyaya müvafiq dəyişikliklər edildi.
Qeyd olunanlarla yanaşı, Ulu Öndərin humanist mövqeyi sayəsində ölkəmizdə ölüm cəzasının ləğv edilməsi, əfvetmə və amnistiya institutlarının yaradılması, habelə Ombudsmana əfv məsələlərinin həlli və amnistiya elan edilməsi ilə bağlı təklif vermək hüququnun Konstitusiya Qanunu ilə təsbit olunması insan hüquq və azadlıqlarının qorunmasının dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildiyini, humanizm prinsipinin Azərbaycan hüquq sistemində ali konstitusion dəyər kimi möhkəmləndiyini nümayiş etdirdi".

Səbinə Əliyeva vurğulayıb ki, hazırda qarşımızda duran əsas vəzifələrdən biri konstitusion dəyərlərin dəyişən qlobal reallıqlara uyğun şəkildə qorumaq və inkişaf etdirməkdir. Xüsusən də, qloballaşma prosesləri, beynəlxalq münasibətlər sistemindəki geosiyasi dəyişikliklər, müasir texnologiyaların sürətli inkişafı insan hüquq və azadlıqlarının çevik və effektiv müdafiəsi üzrə yeni mexanizmlərin tətbiqini şərtləndirir:

"Bu baxımdan, müasir tendensiyaların və yeni hüquqi münasibətlərinin konstitusion prinsiplərlə uzlaşdırılması məqsədilə normativ-hüquqi bazanın təkmilləşdirilməsi, bu sahədə müsbət beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi, rəqəmsal texnologiyalardan, süni intellekdən düzgün istifadə və kibertəhlükəsizlik üzrə koordinasiyalı mexanizmlərin təşkili, habelə rəqəmsal savadlılıq və məlumat təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması üçün maarifləndirici proqramların həyata keçirilməsi olduqca zəruridir.

Konfransda hakimiyyətin hər bir qolunu təmsil edən yüksək vəzifəli şəxslərin, xarici ölkə rəsmilərinin, o cümlədən xarici ölkə Ombudsmanlarının və beynəlxalq Ombudsman təşkilatlarının rəhbərlərinin, insan hüquqları sahəsində tanınmış beynəlxalq ekspertlərin, elm və təhsil müəssisələrinin rəhbərlərinin, habelə vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin iştirakı müzakirə olunacaq məsələlərin həlli baxımından əhəmiyyətlidir".

Seçilən
17
teleqraf.com

1Mənbələr