AZ

Qida əlavələrini hansı hallarda qəbul etmək olmaz? - MÜTƏXƏSSİS AÇIQLADI

Müasir dövrdə sağlam qidalanma və orqanizmin ehtiyac duyduğu maddələrin balanslı şəkildə qəbul edilməsi getdikcə daha çox diqqət mərkəzinə çevrilir. Lakin bəzən gündəlik qidalanma ilə bütün vacib vitamin və mineralları almaq mümkün olmur. Bu hallarda qida əlavələri köməyə gəlir və orqanizmin ehtiyaclarını qarşılamaqda mühüm rol oynaya bilər.

Maraqlıdır, görəsən, qida əlavələrinin hansı zərərləri var?

Məsələ ilə bağlı qida mütəxəssisi Seymur Qafarov SİA-ya açıqlamasında bildirib ki, qida əlavələri düzgün seçilib həkim məsləhəti ilə istifadə olunduqda orqanizm üçün faydalı ola bilər:

"Lakin nəzarətsiz və həddindən artıq qəbul edildikdə qaraciyər, böyrək, ürək-damar sistemi və həzm orqanlarına zərər verə bilər. Onlardan əsasən qida çatışmazlığı, xüsusi sağlamlıq vəziyyətləri və ya həkim göstərişi olduqda istifadə edilməlidir. Əlavələrin dozadan artıq qəbulu vitamin və mineralların toksik təsirinə, məsələn, D vitamini və dəmirin həddindən artıq istifadəsi isə qaraciyər və böyrək zədələnməsinə səbəb ola bilər. Bəzi bitki ekstraktları və sintetik əlavələr allergik reaksiyalar və mədə-bağırsaq pozğunluqları yarada, həmçinin bəzi dərmanlarla qarşılıqlı təsirə girərək onların təsirini azalda və ya gücləndirə bilər; məsələn, qan durulaşdırıcılarla birlikdə qəbul edilən omeqa-3 preparatları qanaxma riskini artıra bilər. Nəzarətsiz istehsal olunan keyfiyyətsiz əlavələrdə ağır metallar, zərərli qatqılar və ya yanlış dozaj da ola bilər.

Qida əlavələri əsasən laborator analizlə təsdiqlənmiş qida çatışmazlığı hallarında, hamilə qadınlarda fol turşusu, yaşlılarda D vitamini və kalsium, vegeterian və veganlarda isə B12 çatışmazlığını qarşılamada, həmçinin osteoporoz və ürək-damar xəstəlikləri riskinin azaldılmasında faydalı ola bilər. Allergiya, intolerans və ya tibbi səbəblərlə bəzi qida qruplarını qəbul etməyən şəxslər üçün də əlavə istifadə oluna bilər. Bununla belə, qida əlavələri əsas qidalanmanı əvəz etmir, yalnız onu dəstəkləyir. Onlardan istifadə etməzdən əvvəl həkim və ya dietoloq məsləhəti alınmalı, məhsulun keyfiyyətinə, sertifikatına və mənşəyinə diqqət yetirilməlidir. Unutmaq olmaz ki, ən yaxşı “əlavə” balanslı və müxtəlif qidalanmadır – yəni təzə meyvələr, tərəvəzlər, tam taxıllar və keyfiyyətli zülal mənbələridir".

Müəllif: Arzu Qurbanlı
Seçilən
30
1
sia.az

2Mənbələr