Prezident İlham Əliyev "Konstitusiya və qanunun aliliyi müasir hüquqi sistemlərdə" mövzusunda təşkil olunan beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb.
Publika.az xəbər verir ki, mətndə deyilir:
"Hörmətli konfrans iştirakçıları,
Sizi Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30-cu ildönümünə həsr olunmuş "Konstitusiya və qanunun aliliyi müasir hüquqi sistemlərdə" mövzusunda beynəlxalq konfransda səmimi-qəlbdən salamlayıram.
Düz 30 il əvvəl bu gün – 1995-ci il noyabrın 12-də Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrinin davamı olaraq, ümumxalq səsverməsi – referendum yolu ilə suveren Azərbaycan Respublikasının ilk Konstitusiyasını qəbul etmişdir. Müstəqilliyinin yeni qazanıldığı, ərazilərinin hərbi təcavüzə məruz qaldığı, daxili gərginliyin hökm sürdüyü bir şəraitdə bu ali hüquqi sənədin qəbulu ölkə tarixi üçün çox mühüm ictimai-siyasi hadisə olmaqla, Azərbaycanın dövlət quruculuğunda yeni bir səhifənin başlanğıcını qoymuşdur.