AZ

Konstitusiya müstəqil Azərbaycanın əbədi təməlidir


Əziz Ələkbərli,
Milli Məclisin deputatı,
Qərbi Azərbaycan İcması
İdarə Heyətinin sədri


1918-1920-ci illərdə cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti, təəssüf ki, dövlətin əsas Qanununu – Konstitusiyanı qəbul etməyə macal tapmamışdı. Buna görə də, Azərbaycanın konstitusiya quruluşunun rəsmi tarixi Sovet İttifaqı dövrünə təsadüf edir. Lakin bu dövrün də özünün unudulmaz, milli qəhrəmanlıq anları var. O anlar ki, böyük Liderin, Ümummilli Lider Heydər Əliyevin milli ruhu qorumaq sahısindəki qətiyyəti ilə yadda qaldı.
Məhz Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrdə – 1978-ci ildə qəbul edilən dördüncü Azərbaycan SSR Konstitusiyası milli maraqların qorunması baxımından əvvəlkilərdən köklü şəkildə fərqləndi. Ümummilli Liderin qətiyyətli təkidləri sayəsində o çətin dövrdə Azərbaycan dilinin dövlət dili statusu ilk dəfə məhz həmin sənəddə öz əksini tapdı – bu, milli kimliyin və qürurun o illərdə qazanılan ən böyük zəfəri idi!
Müstəqilliyin bərpası ilə isə Azərbaycan dövlətçiliyi özünün əsl, qüdrətli təməlini qoydu. Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük, ən tarixi xidməti məhz azad dövlətin yeni Konstitusiyasının hazırlanması oldu. Bu, sadəcə bir layihə deyil, gələcəyə atılan qəti addım idi. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilən bu Əsas Qanun – müstəqil Azərbaycanın ilk, ümumilikdə isə ölkəmizin beşinci Konstitusiyasıdır. Bu ali sənəd müasir Azərbaycan Respublikasının dövlət quruculuğunun sarsılmaz təməllərini qoydu.
Ulu Öndər bu tarixi missiyanın əhəmiyyətini belə ifadə etmişdi: “Biz elə bir layihə hazırlamalı... elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun.” Bu, bir gələcək vəsiyyəti idi! Konstitusiyada Hakimiyyət bölgüsü – icra, qanunvericilik, məhkəmə – xalqın iradəsinə söykənməli və seçkilər yolu ilə təmin olunmalı idi. Liderin qayəsi dünya demokratiyasının nailiyyətləri ilə Azərbaycanın özünəməxsus tarixi və milli ənənələrini bir araya gətirərək güclü, demokratik bir dövlət yaratmağa yönəlmişdi.

Konstitusiyamızın və Azərbaycançılıq ideologiyasının əsas tələblərindən biri də ümumazərbaycançılıq ideyasına söykənən milli birlik və vətəndaş həmrəyliyi prinsipidir. Bu, sadəcə hüquqi norma deyil, müasir Azərbaycan dövlətçiliyinin təməl sütunudur! Bu prinsip bütün siyasi, sosial-etnik maraqlardan üstün tutulur. Çünki ədalətli ictimai həyat, ölkənin hər bir vətəndaşının dövlətə bağlılığı, doğma Vətəni qürur mənbəyi sayması və multikultural birgəyaşayışın bərqərar olması məhz bu qayənin təməlini təşkil edir.
Prezident İlham Əliyev Ulu Öndərin bu misilsiz irsinə qiymət verərkən təməlin nə qədər sağlam olduğunu göstərir: “1993-2003-cü illər ölkəmizdə sabitlik və inkişaf illəri kimi tarixdə qalacaqdır. Çünki məhz o illərdə dövlətçiliyin əsasları qoyuldu, Azərbaycan dövləti quruldu, 1995-ci ildə müstəqil dövlətin Konstitusiyası qəbul edildi, dövlətçiliyin ideoloji əsasları – azərbaycançılıq məfkurəsi formalaşdırıldı.”
Konstitusiya donuq bir daş deyil, inkişaf edən, dinamik bir orqanizmdir. Ötən illər ərzində ölkəmizin sürətli inkişafı və yeni dövrün tələbləri ilə əlaqədar Əsas Qanunumuzda əhəmiyyətli dəyişikliklər aparılmışdır. 2002 və 2009-cu illərdəki dəyişikliklər dövlətin sosial-iqtisadi bazasını gücləndirməyə, vətəndaşların hüquq və azadlıqlarına daha etibarlı təminat verməyə xidmət etmişdir. Lakin ən mühüm addımlardan biri də, ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş referendum oldu. Konstitusiyanın 29 maddəsinə edilən 41 əlavə və dəyişiklik ali dövlət hakimiyyəti orqanlarının, bələdiyyələrin işinin təkmilləşdirilməsinə, insan hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsinə, bir sözlə, ölkəmizdə demokratikləşmə proseslərinin dərinləşməsi məqsədlərinə xidmət etmişdir.
Milli dövlətimiz durduqca, Ümummilli Lider Heydər Əliyevin nurlu ideyalarından və ümumbəşəri dəyərlərdən yoğrulan Azərbaycan Konstitusiyası və azərbaycançılıq məfkurəsi dövlətimizin gələcək inkişafı və tərəqqisi yoluna daim bir mayak kimi işıq salacaqdır. O, hər bir vətəndaşın güvənc yeri, müstəqilliyin ən etibarlı zəmanətidir!



Seçilən
9
aia.az

1Mənbələr