AZ

Bakıda çay arzusu: “Tanklarla gələcəyik” deyənlər indi çıxış yolu axtarır – ŞƏRH

1990-cı illərin əvvəllərində, Ermənistan qüvvələrinin əhəmiyyətli uğurlar qazandığı bir vaxtda və ondan sonrakı dövrlərdə erməni rəhbərliyi və hərbi komandanlar tərəfindən tez-tez səsləndirilən iki fikir var idi: “Tanklarımız Bakı küçələrində olacaq”, “Bakıda çay içəcəyik”.
Onlar bu cümlələrdən mütəmadi olaraq Azərbaycana qarşı təhdid kimi istifadə edirdilər. Baxmayaraq ki, bu fikirlərin müəllifləri çoxdan gorbagor olublar, Ermənistana sonrakı illərdə rəhbərlik etmiş quldur rəhbərlər tez-tez bu ritorikanı öz çıxış və müraciətlərinə qatırdılar.

Bu fikirləri İnterpress.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov səsləndirib.

Politoloq bildirib ki, erməni quldurlarının Bakı küçələrində tankla gəzmək, Bakıda çay içmək arzusu ürəyində qalsa da, indi həbsxanalarımızda Azərbaycan çayı içən ermənilər az deyil.

“Tanklarımız Bakı küçələrində olacaq”, “Bakıda çay içəcəyik” – bu cümlələri işlədənlər heç düşünməzdilər ki, onların az qala tam qələbə bəyannaməsi kimi səsləndirdiyi bu fikirlər sonralar Azərbaycan Prezidentinin əlində onların başına vuracağı dəmir yumruğa çevriləcək və Azərbacan xalqının ermən quldurlarına nifrət rəmzi olacaq.

Bu gün Sarkisyan-Koçaryan tandemi vaxtında istifadə etdikləri ekspansionist və separatçı əməllərin bədəlini ödəyirlər. Onların hər ikisi məhz Azərbaycanın həyata keçirdiyi hərbi, siyasi və diplomatik hücumların nəticəsində Ermənistan adlı kiçik bir adada küncə sıxılmış durumdadırlar. 30 il bundan qabaq xidmət göstərdikləri ağaları da tullayıb onları, hər an həbs olacaqları barədə xəbərləri gözləyirlər.

Azərbaycan Respublikası Prezidentinin apardığı siyasət onunla nəticələndi ki, qeyd olunan cümlələrin müəllifləri özləri olmasa da, bu cümlələrdən mənəvi qida alan həmkarları Azərbaycana çay içməyə gətirildilər. Amma onlara yalnız həbsxana divarları arasında çay içmək qismət oldu. Çünki bundan artığına layiq deyildilər.
Onların tank və topları da Bakı küçələrində nümayiş etdirildi. Amma Azərbaycan əsgərinin qazandığı hərbi qənimət kimi”, – siyasi şərhçi vurğulayıb.

Ə.İbrahimov əlavə edib ki, eyni aqibət Sarkisyan- Koçaryan cütlüyünü gözləyir və tezliklə biz buna da şahidlik edəcəyik.

“Bu gün növbədə heç şübhəsiz Sarkisyan- Koçaryan cütlüyüdür. Azərbaycan Respublikası Prezidenti çıxış və bəyanatlarında ermənilərin Azərbaycana qarşı işlətdikləri bu cümlələri rişxənd və erməni quldurlarına qarşı nifrətlə istifadə etməkdə davam edir.

İndi hədəfdə məhz Sarkisyan-Koçaryan tandemidir. Onların da Bakı həbsxanalarına gətirilməsi zamanı yaxınlaşır. “Tanklarımız Bakı küçələrində olacaq”, “Bakıda çay içəcəyik” cümlələri düşünürəm ki, növbəti dəfə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən Bakı həbsxanalarında çay içəcək Sarkisyanla Koçaryanın üzünə deyiləcək.

Məhz bundan sonra onlar havaya buraxılan sözün çəkisinin nə qədər olduğunu başa düşərlər”, – politoloq fikrini yekunlaşdırıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
2
interpress.az

1Mənbələr