Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.
Bakı, 12 noyabr, AZƏRTAC
Noyabrın 12-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümü münasibətilə “Biz birlikdə güclüyük” mövzusunda konfrans təşkil edib.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Zəfər Gününə həsr olunmuş, İkinci Qarabağ müharibəsində iştirak etmiş müxtəlif etnik və dini icmaların nümayəndələrinin yer aldığı videoçarx nümayiş olunub.
Konfransda çıxış edən BBMM-in icraçı direktoru Rəvan Həsənov 44 günlük Vətən müharibəsində qazanılan Zəfərin dövlətçilik tariximizin ən şanlı səhifələrindən biri olduğunu, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycanın son 200 ilin ən böyük Qələbəsini qazandığını bildirib. O qeyd edib ki, Zəfərimiz hər bir azərbaycanlı üçün sonsuz qürur mənbəyidir və tariximizdə əbədi qalacaq. Vətən müharibəsindəki Qələbənin arxasında duran əsas ideya birlik və qardaşlıq idi.
“Torpaqlarımızın azadlığı, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə dinindən, dilindən, mədəniyyətindən asılı olmayaraq hər kəs “Dəmir yumruq” ətrafında birləşdi”, - deyə R.Həsənov vurğulayıb.
Digər çıxış edənlər bildiriblər ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilən bu möhtəşəm Qələbə Azərbaycanın hərbi, siyasi və iqtisadi gücünü bir daha bütün dünyaya nümayiş etdirdi. Bu Qələbə nəticəsində Azərbaycan qalib ölkəyə, xalqımız isə qalib xalqa çevrildi.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.