AZ

Azərbaycanın Konstitusiya Günü: Suveren dəyərlər üzərində qlobal nüfuza doğru

ain.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bir dövlətin fiziki və hüquqi varlığı onun qanunvericilik sisteminin formalaşması ilə müəyyənləşir. Bu mənada, Konstitusiya dövlətin qanunvericilik sisteminin bünövrəsini, əsasını təşkil edir. Başqa sözlə, Konstitusiya dövlətin siyasi, hüquqi və ictimai quruluşunu müəyyənləşdirən, hakimiyyətin təşkilini və vətəndaşların hüquq və azadlıqlarını təmin edən ali qanundur. O, həm dövlət orqanlarının fəaliyyətini tənzimləyir, həm də cəmiyyətin hüquqi sabitliyinin qarantı kimi çıxış edir. Konstitusiyasız bir dövlətin hüquqi baxımdan sağlam dayağı ola bilməz, çünki məhz Konstitusiya dövlətin suverenliyi, idarəçiliyi və qanunun aliliyini təmin edən əsas sənəddir.

Bu baxımdan, müasir müstəqil Azərbaycanın memarı, Ümummilli Lider Heydər Əliyev bu ali sənədin nə qədər vacib olduğunu əsas gətirərək onun hazırlanması, qəbul edilməsi istiqamətində misilsiz əmək sərf etmişdir. Ulu Öndər bununla bağlı o zaman demişdir: “Bu Konstitusiya layihəsinin ən əsas mahiyyəti ondan ibarətdir ki, Azərbaycan Respublikasının tam müstəqilliyini təmin edir, ölkəmizin ərazi bütövlüyünü təmin edir, Azərbaycan xalqının hüquqlarının toxunulmazlığını təmin edir, vətəndaşlarımızın hər birinin hüquqlarının qorunmasını təmin edir və Azərbaycan xalqının, respublikamızın bölünməzliyini, hakimiyyətin heç bir qüvvə tərəfindən mənimsənilə bilməzliyini təmin edir”.

Nəhayət, nüfuzlu dövlət xadimi Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra yeni Konstitusiyanın hazırlanaraq qəbul edilməsi prioritet məsələ kimi gündəmə gətirildi. 1995-ci il mayın 2-də Azərbaycan Milli Məclisinin qərarına əsasən, Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə yeni Konstitusiya layihəsini hazırlayan Komissiyanın tərkibi təsdiləndi.

Yeni Konstitusiya layihəsini hazırlayan Komissiyanın 1995-ci il oktyabrın 3-də keçirilən iclasında Komissiyanın sədri Heydər Əliyev belə deyib: “Bizim yeni Konstitusiyamız, şübhəsiz ki, birinci növbədə Azərbaycan Respublikasının dövlət müstəqilliyini, bu müstəqilliyin əbədi olduğunu və dövlət müstəqilliyini qoruyub saxlamaq, yaşatmaq üçün bütün prinsipləri əks etdirməlidir. Yeni Konstitusiyamız demokratik prinsipləri özündə əks etdirməlidir. Yəni dünya demokratiyasının əldə etdiyi bütün nailiyyətlərdən, demokratiya sahəsində inkişaf etmiş dövlətlərin konstitusiya təcrübəsindən istifadə etməli və Azərbaycan Respublikasının özünəməxsus tarixi, milli ənənələrini əks etdirən prinsipləri özündə cəmləşdirməlidir. Bir sözlə, biz elan etmişik və mən bir daha bəyan edirəm ki, Azərbaycanda demokratik, hüquqi, sivilizasiyalı, dünyəvi dövlət qururuq”.

Beləliklə, Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası preambula, 5 bölmə, 12 fəsil, 158 maddə və keçid müddəalardan ibarət olmaqla 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi - referendum yolu ilə qəbul edildi, 1995-ci il noyabrın 27-də isə qüvvəyə mindi.

Bu gün demokratik prinsiplərə əsaslanan Azərbaycan Konstitusiyasının qəbul olunmasının 30 illik yubileyidir. Və təsadüfi deyil ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, 2025-ci il Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan edilib. Bu, dövlətçiliyimizin möhkəmlənməsinə, milli suverenliyimizin bərqərar olmasına verilən xüsusi önəmin göstəricisidir. Dövlət başçısının bu Sərəncamı, həmçinin hüquqi dövlətə sadiqlik, ölkə Konstitusiyasına hörmət, onun müddəalarını həyata keçirməklə bağlı gələcək nəsillərə ünvanlanmış bir çağırışdır.

O da məlumdur ki, Şanlı Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-də başlayan və cəmi 44 gün davam edən Vətən müharibəsi ilə torpaqlarımızı işğaldan azad edərək ölkənin ərazi bütövlüyünü təmin etdi. 2023-cü il sentyabrın 19-dan 20-nə keçən gecə isə həyata keçirilən birgünlük antiterror əməliyyatı ilə Azərbaycan ərazisində qalan separatçı tör-töküntüləri, eləcə də onların silah və texnikaları məhv edildi. Beləliklə, Azərbaycanın suverenliyi də tam bərpa edilmiş oldu.

Suverenlik ona görə önəmlidir ki, o, Konstitusiya və dövlətçiliyi tamamlayır. Yəni bunlar dövlət quruculuğunun ayrılmaz həlqələridir. Bir sözlə, Konstitusiya dövlətin hüquqi təməlini formalaşdırır, suverenlik və dövlətçilik isə onun siyasi-hüquqi və siyasi-ideoloji əsaslarını, eləcə də milli kimliyini ifadə edir.

Bu gün işğaldan azad edilmiş ərazilərdə vətəndaşların öz konstitusion hüquqlarından istifadə edə bilməsi dövlət idarəetməsinə inam və etibarı artırıb. Qarabağ və Şərqi Zəngəzurda dövlət idarəetmə strukturlarının formalaşdırılması, o cümlədən məhkəmələrin, hüquq-mühafizə orqanlarının fəaliyyətə başlaması, yerli özünüidarəetmə sisteminin yaradılması insanların hüquq və azadlıqlarının qorunması üçün əsaslı addımlardır.

Konstitusiyanın aliliyi həm də ondadır ki, bu ana qanun xalq hakimiyyətini bəyan edir, Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi kimi Azərbaycan xalqını göstərir, sərbəst və müstəqil öz müqəddəratını və öz idarəetmə formasını müəyyən etməyi Azərbaycan xalqının suveren hüququ kimi təsbit edir. Eyni zamanda, Konstitusiya Azərbaycan dövlətini demokratik, hüquqi, dünyəvi, unitar respublika kimi elan edir, Azərbaycan Respublikasında dövlət hakimiyyətinin daxili məsələlərdə yalnız hüquqla, xarici məsələlərdə isə Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalarla məhdudlaşdığını bəyan edir.

Odur ki, Konstitusiyanın qəbulu gələcək nailiyyətlərin hüquqi bazası qismində çıxış edir. Bu mühüm məqamla bağlı Prezident İlham Əliyev tərəfindən imzalanan 2024-cü il 28 dekabr tarixli Sərəncamda qeyd edilib: “Ulu Öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil etdi. Bu Konstitusiya dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolunu oynamışdır”.

Prezident İlham Əliyev hələ 10 il əvvəl – Azərbaycan Konstitusiyanın 20 illik yubileyinə həsr olunmuş beynəlxalq konfransın iştirakçılarına təbrik məktubunda belə deyib: “...Azərbaycan Respublikası Konstitusiyasının xarakterik cəhətlərindən biri onun sabit olmasıdır. Bununla belə, cəmiyyətimizin sürətli inkişafı ölkənin əsas qanununun da təkmilləşdirilməsini şərtləndirib. Belə ki, 2002-ci və 2009-cu illərdə keçirilmiş referendumlar, habelə qəbul edilmiş bir sıra konstitusiya qanunları vasitəsilə Konstitusiyaya insan hüquqlarının qorunmasının və dövlət idarəçiliyinin səmərəliliyinin artırılmasına yönəlmiş mühüm dəyişiklik və əlavələr edilib.

Konstitusiya müddəalarının aliliyinin və onların təkamülünün təmin edilməsində Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi mühüm rol oynayır. Ali konstitusiya ədalət mühakiməsi orqanı qismində Konstitusiya Məhkəməsi ölkəmizin hüquq sisteminin inkişafına öz töhfəsini verir, hüquqi tənzimləmə məsələləri üzrə müsbət təcrübə formalaşdırır, konstitusiya nəzarəti funksiyalarını yerinə yetirməklə Konstitusiyanın birbaşa tətbiqini həyata keçirir.

Universal dəyərlərə əsaslanan Azərbaycan Respublikasının Konstitusiyası bu gün də böyük hüquqi, siyasi və ideoloji potensiala malikdir və Azərbaycan xalqının firavanlığına xidmət edir”.

Bu fikirlərin üzərindən 10 il keçib və müasir Azərbaycanın inkişafı, uğurları, beynəlxalq nüfuzu göz önündədir. Regionun lideri Azərbaycan artıq beynəlxalq müstəvidə söz sahibi olan dövlətlər sırasındadır. Vətən müharibəsindəki Zəfərdən sonra yaranmış yeni tarixi-siyasi reallıq Azərbaycanın regional, eyni zamanda, beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirib. Dövlət başçısının da qeyd etdiyi kimi, “Bu gün Azərbaycan Respublikası xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir”.

Qürurverici haldır ki, xalqımızın qədim tarixə, zəngin mədəniyyətə malik olan Azərbaycan kimi vətəni var. Bu gün öz müstəqil və suveren dövlətimizə sahibik, mübarizə ilə əldə edilən suverenlik bizim milli sərvətimizdir. Odur ki, hər bir azərbaycanlı bu gün ölkəsinin ərazi bütövlüyü və suverenliyinin, hər qarış torpağında Konstitusiyanın hüquqi qüvvəsinin tam bərqərar olunmasının sonsuz sevincini, qürurunu yaşayır. Bu dəyər bütöv bir xalq olaraq bizi yeni nailiyyətlərə, zəfərlərə ruhlandırır.

12 Noyabr – Konstitusiya Gününüz mübarək!

Səbinə Salmanova,Milli Məclisin deputatı

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
11
3
xalqqazeti.az

4Mənbələr