Bakı, 12 noyabr, AZƏRTAC
Polşa Prezidenti Karol Navrotski Donald Tusku 1989-cu ildən bəri ölkənin ən pis baş naziri adlandırıb.
AZƏRTAC xəbər verir ki, Karol Navrotski bunu “wPolsce24” televiziya kanalına müsahibəsində deyib.
“Mən dövlətin fəaliyyəti ilə bağlı fundamental məsələlərdə baş nazirlə əməkdaşlığı nəzərdə tuturam, eyni zamanda, onu 1989-cu ildən bəri Polşanın ən pis baş naziri hesab edirəm”, - deyə dövlət başçısı bildirib.
“Düşünmürəm ki, biz fundamental məsələlərdə fikir ayrılığına düşəcəyik”, - deyə Karol Navrotski əlavə edib.
Noyabrın 7-də Donald Tusk xüsusi xidmət orqanlarının bir neçə zabitinin rütbələrinin yüksəldilməsi haqqında fərmanı imzalamadığı üçün prezidenti tənqid edib.
“Bu, dövlət başçısının Polşa hökuməti ilə mübarizəsində növbəti addımdır. Prezident olmaq üçün seçkidə qalib gəlmək kifayət deyil”, - deyə Donald Tusk özünün sosial media hesabında yazıb.
Qeyd edək ki, müxalifətin sağçı namizədi Karol Navrotski ilə solçu Donald Tusk arasında qarşıdurma avqustun 6-da yeni prezidentin namizədliyinin irəli sürülməsindən sonra başlayıb. Cəmi bir gün sonra baş nazir prezidentə və onun təşəbbüslərinə qarşı “amansız” olacağını açıqlayıb.
“United Surveys” tədqiqat mərkəzinin keçirdiyi sorğunun nəticələrinə görə, Polşa vətəndaşlarının 61,2 faizi dövlət və hökumət başçıları arasında münasibətlərin düzələcəyini mümkünsüz hesab edib, 21,4 faizi əks fikirdə olduğunu bildirib.