"“Milli Ədəbiyyat Fondu” təsis olunmalədır. Bu gün ədəbiyyat sahəsində bəlkə ən çox narahatlıq doğuran məsələ budur: ədəbiyyatımız niyə dünyaya çıxa bilmir. Biz siyasətdə sözümüzü demişik, idmanla beynəlxalq arenalarda tanınmışıq. Ədəbiyyat sahəsində fəthi hələ qazana bilməmişik".
Ölkə.az xəbər verir ki, bunu deputat Elnarə Akimova parlamentdə 2026-ci il büdcə zərfinin müzakirəsi zamanı deyib.
"Halbuki, bu gün Azərbaycanda yazıçı problemi yoxdur. Yəni, Azərbaycan yazıçılarının dünyaya çıxmamağına səbəb, əsərlərin zəifliyi yox, çıxmaq metodlarının olmamasıdır. Türkiyədə bir TEDA layihəsi var. Mədəniyyət və Turizm Nazirliyinin türk mədəniyyət, sənət və ədəbiyyat əsərlərinin xaricə çıxışına, yayılmasına dəstək layihəsidir. 20 ildir ki, fəaliyyət göstərərək xarici oxuculara Türkiyənin mədəni və ədəbi irsini öz dillərində oxumaq imkanı verir. Bununla da türk yazarların əsərlərinin beynəlxalq kitab bazarlarında görünməsi dəstəklənir. Belə bir analoji layihə bizdə gerçəkləşsə Azərbaycanın mədəni sərvətinin, ədəbi mətnlərinin dünya çapında dövriyyəsini təmin etmək mümkün olar",- deputat qeyd edib.
Deputat eyni zamanda təklif edib ki, bizdə də Milli Ədəbiyyat Mükafatı təsis olunsun. "Bu gün artıq artmış, böyümüş, güclənmiş, sərhədlərini təmin etmiş qüdrətli ölkəyiksə dünyaya həqiqətlərimizi həm də bədii söz vasitəsilə deməyi bacarmalı və ona sərmayə qoymaqda tərəddüd etməməliyik",-o vurğulayıb.
Deputat həmçinin Mədəniyyət Nazirliyinin tabeliyində olan kitabxanaların kənd filiallarının bağlanmaq təhlükəsi ilə bağlıdır: "Məktəblilər kitab əldə etmək üçün hər dəfə rayon mərkəzinə gedə bilmir. Ümumiyyətlə, mədəniyyət evləri, kitabxanalar gənclərimizin asudə vaxtlarını səmərəli təşkili, onların pis vərdişlərdən qorunması üçün lazımı məkanlardır və bu amilə ciddi yanaşmaq lazımdır. Əvvəl daha əlçatan və müasir olan modellər yaradaq, sonra köhnəni sıradan çıxarmaq haqqında düşünək".
Mürtəza