AZ

"Bu, kinoya çox zərbə vuracaq!" - Kino adamları son qərar haqqında danışdı

"Mədəniyyət sahəsinə nə qədər pul ayırsan da, çatmayacaq".

Bunu Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu deyib.

Komitə sədri bildirib ki, abidələrin bərpası, restavrasiyası ilə Mədəniyyət Nazirliyi məşğul olur:

“Bu abidələrin hamısını birdən bərpa etmək olmaz, amma plan üzrə bunları etmək olar. Gələn il bizim kinomuza vəsait ayrılmayıb, bunun səbəblərini bilmirəm. Bunun səbəblərini yəqin ki, Maliyyə və Mədəniyyət nazirliklərinin nümayəndələri bizə izah edər. Kinoya heç bir vəsait ayrılmaması təhlükə yaradır. Kino sahəsinə vəsait ayrılmasa, bu sahədə mütəxəssislər iş yerlərini tərk edəcəklər, gələcəkdə də kinomuz inkişaf edə bilməyəcək”.

Kulis.az kino adamlarının qərara münasibətini öyrənib.

Əli

Rejissor Əli İsa Cabbarov:

"Ola bilər ki, dövlətin kinoya ayrılan vəsaitinin effektivliyinə şübhə ilə yanaşırlar. Bəlkə də, sərt bazar iqtisadiyyatının tərəfdarıdırlar. Ona görə də belə fikirləşirlər ki, kino dövlət tərəfindən maliyyələşməməlidir. Amma kino idealoji sahədir və dövlət tərəfindən maliyyələşməlidir. Xüsusilə, Qarabağ həqiqətlərini dünyaya çatdırmaq üçün dövlət dotasiyası lazımdır, çünki heç bir özəl şirkət bu sahəni maliyyələşdirməyəcək.

Əgər belə qərar verilsə, vətənpərvər filmlərin çəkilməsi və kadr hazırlığı sıfıra enəcək. Kino sahəsində aktivlik azalacaq.

Problem vəsaitdə yox, onun idarə olunmasındadır. Effektivlik çox aşağıdır. Kino sahəsində işləyən adamların əksəriyyəti kino təhsili almayıblar.

Hazırda kinomuzda müəyyən dinamika var, ancaq daha konseptual iş ortaya qoymaq mümkündür".

Kinonun

Rejissor Pərviz Həsənov:

"Kinoya maraq azala bilməz. Kino xüsusi sənət növüdür və heç kimin şəxsiistəklərinə əsasən tənzimlənmir.

Kino incəsənət növlərinin içində ən bədbəxtidir. Çünki daha çox maliyyə tələb eləyir və komanda işidir. Bu qərar, əlbəttə ki, kinoya çox zərbə vuracaq. Ancaq bizim kino adamları artıq belə "zərbə”lərə öyrəşiblər.

Kino spesifik sahədir. Bu sahənin sənayesini və istehsalatını bılmədən bu sahə ilə məşğul olmaq olmaz. Bu həm məmura, həm də rejissora, operatora aiddir. Hətta qəti qadağan olunmalıdır. Ən böyük problem də budur. Kinonu bilməyən adamlar qərarlar verirlər, ortaya belə məsələlər çıxır".

Amil

Rejissor Amil Amal:

"Açığı, bu məlumat məndə çox qarışıq hisslər yaratdı.

Bir tərəfdən üzüldüm, digər tərəfdən isə bir qədər sevindim.

Üzüldüm, çünki bu sahə ilə dolanan, ömrünü kinoya həsr etmiş insanların durumu gözlərimin önünə gəldi. Onsuz da ağır şərtlər altında çalışan kino insanları üçün bu qərar növbəti ciddi sınaq olacaq. Xüsusən də yeni yaranmış studiyalar, gənc rejissorlar və prodüserlər üçün dövlət dəstəyi olmadan ayaqda qalmaq olduqca çətin olacaq. Belə bir şəraitdə “ciddi kino”dan, keyfiyyətli istehsaldan danışmaq nə dərəcədə mümkündür — bu, sual altındadır.

Amma etiraf etməliyəm ki, eyni zamanda, bu qərara bir qədər də sevindim, çünki həm də müsbət tərəfdən də baxmağa çalışıram.

Son illərdə ayrılan vəsaitlərin xərclənməsi, təəssüf ki, çox vaxt şəffaf və ədalətli prinsiplərlə aparılmadı. Potensialı olmayan, sadəcə müəyyən şəxsi maraqlara xidmət edən layihələrə milyonlarla manat ayrıldı. Əgər bu fasilə həmin yanlış praktikanın sonu olacaqsa, bəlkə də, bu, sistemin yenidən qurulması üçün bir fürsətdir.

Əsas odur ki, bu “sakit dövr” itki kimi deyil, kino dəyərlərinin və mexanizmlərin yenilənməsi mərhələsi kimi qiymətləndirilsin. Kino sektorunda şəffaf, peşəkar və obyektiv maliyyələşmə mexanizmləri formalaşmasa, istənilən büdcə növbəti dəfə eyni nəticəni verəcək".

Nicat

Prodüser Nicat Manafov:

"Ümumiyyətlə, dövlətin birbaşa büdcədən kino çəkməsi doğru hal deyildi. Bu vaxtadək bunun effektsiz olmasını baş verənlər bizə göstərdi. Dövlətin Kino sənayesindəki işi münbit şəraiti yaratmaqdır, kino çəkmək deyil. Sırf bunun üçün Kino Agentliyi qurulub və kifayət qədər də büdcəsi var. Dövlətin kino çəkməsi birbaşa bazara müdaxilədir və rəqabət pozuntusudur.

Düşünürəm ki, bu çox doğru, amma gecikmiş qərardır. Artıq əsas məsuliyyət düşür Mədəniyyət Nazirliyi və Kino Agentliyinin üstünə, şərait yaratsınlar və bu sahəyə investorlar cəlb olunsun. Kino Agentliyi özü də, əslində, kino çəkilişi ilə məşğul olmamalıdır, sahəni qranta öyrəşdirmək olmaz, qrant üzərinə qurulan biznes sferası ola bilməz. Bütün rejissorlar və studiyalar dövlətdən pul gözləyir ki, pul versin, kino və ya animasiya çəkilsin. Verilən pullara çəkilən əsərlərə baxış yoxdur, buna izləyicilərdə maraq çox aşağıdı və pullar effektsiz istifadə olundu. Dövlət bizneslə məşğul olmamalıdır".

Seçilən
19
1
kulis.az

2Mənbələr