AZ

Attestatla qəbul gəncləri çətinliyə salır - ekspert xəbərdarlıq EDİR

Son illərdə Türkiyəyə təhsil məqsədilə üz tutan gənclərin sayının artması həm sosial, həm də sistemli səbəblərlə bağlıdır. Ən mühüm amillərdən biri, təbii ki, attestatla qəbul imkanlarının genişlənməsidir.

Bu fikirləri AzEdu.az-a Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli bildirib.

Attestatla qəbul olunan tələbələrin böyük hissəsi sonradan oxumaqda çətinlik çəkir:

“Bu gün bir çox xaricdə təhsil şirkətləri vasitəsilə gənclər imtahansız şəkildə Türkiyə universitetlərinə qəbul oluna bilir. Bu, xüsusilə qəbul imtahanlarında uğur qazana bilməyən, lakin ali təhsil almaq istəyən gənclər üçün əlçatan yol kimi görünür.

Amma bu modelin reallığı ondan ibarətdir ki, attestatla qəbul olunan tələbələrin böyük hissəsi sonradan oxumaqda çətinlik çəkir. Xarici mühitə uyğunlaşma, tədris dili, akademik intizam və tələbkarlıq fərqləri bir çox gəncin təhsilini yarımçıq qoymasına səbəb olur. Bəziləri isə təhsilini başa vursa da, aldığı diplomun real bacarıqlarla dəstəklənməməsi səbəbindən əmək bazarında uyğunlaşa bilmir.

Bu da göstərir ki, xaricdə oxumaq məqsəd deyil, məzmunlu və nəticəyönümlü təhsil almaq əsas dəyər olmalıdır”.

Türkiyə hökumətinin xarici tələbələr üçün yaratdığı təqaüd proqramları və təhlükəsiz mühit də seçimə təsir göstərən əsas amillərdəndir:

“Digər tərəfdən, Türkiyəyə marağı artıran müsbət faktorlar da danılmazdır. Son illərdə Türkiyə universitetlərinin beynəlxalq reytinqlərdə mövqeyi xeyli yüksəlib. QS və Times Higher Education kimi nüfuzlu siyahılarda yer alan universitetlərin sayı artır.

Bu, həm diplomların beynəlxalq tanınmasını, həm də məzunların qlobal əmək bazarına çıxış imkanlarını genişləndirir. Üstəlik, Türkiyə hökumətinin xarici tələbələr üçün yaratdığı təqaüd proqramları və təhlükəsiz mühit də seçimə təsir edən əsas amillərdəndir".

Türkiyəyə təhsil axınının arxasında həm rahat qəbul prosesi, həm də keyfiyyəti yüksələn təhsil mühiti dayanır:

“Bütün bunların fonunda demək olar ki, Türkiyəyə təhsil axınının artmasının arxasında həm rahat qəbul prosesi, həm də artıq keyfiyyət göstəriciləri yüksələn təhsil mühiti dayanır.

Amma bu marağın davamlı olması üçün gənclərimiz təkcə oxumaq üçün getməməli, nəticə üçün oxumağın məsuliyyətini dərk etməlidirlər".

Seçilən
47
azedu.az

1Mənbələr