Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.
Müasir dövrdə təhsil sisteminin əsas məqsədi barədə sual getdikcə daha çox aktuallaşır: biz oxuyuruq ki, diplom alaq, yoxsa bacarıq qazanaq? Cəmiyyətin təhsilə yanaşması çox zaman formal nəticə, yəni sənəd, diplom və titul üzərində qurulub. Halbuki bilik və bacarıq təhsilin əsas məğzi olmalıdır.
Uzun illərdir ki, Azərbaycanda və ümumilikdə post-sovet məkanında təhsil diplom yönümlü sistem kimi formalaşıb. Bir çox ailələrdə uşağın “ali təhsilli” olması sosial status kimi dəyərləndirilir, amma onun nəyi bacardığı, hansı praktiki biliklərə malik olduğu çox vaxt ikinci planda qalır. Nəticədə, universitetlərdən minlərlə gənc diplomla çıxır, amma əmək bazarında real bacarıq tələb edən sahələrdə öz yerini tapa bilmir. İşəgötürənlər isə illərdir eyni problemi vurğulayırlar: “namizədlərin nəzəri biliyi var, amma praktik bilik sıfıra bərabərdir.”
Hazırkı təhsil modeli ilə əmək bazarının tələbləri arasında dərin ziddiyyət mövcuddur. Məsələn, peşə təhsili və texniki biliklər cəmiyyətdə hələ də “ikinci dərəcəli” sayılır. Gənclərin əksəriyyəti “universitet oxumaq” arzusu ilə yaşayır, çünki bu, “hörmət gətirən” yoldur. Lakin paradoks ondadır ki, ən çox gəlir qazanan və sabit iş tapan şəxslər çox vaxt məhz peşə və texniki bacarıqlara malik olanlardır. Deməli, problem təkcə təhsil sistemində deyil, həm də cəmiyyətin dəyər sistemindədir, yəni biz hələ də “ad”ı “bacarıq”dan üstün tuturuq.
Universitetlərdə dərslərin çoxu hələ də nəzəri mühazirələr, slayd təqdimatları və imtahan əzbərləri üzərində qurulub. Tələbələr müstəqil tədqiqat, təcrübə və layihə işlərinə az yönləndirilir. Bu da nəticədə onları “məlumat daşıyıcısına” çevirir, problem həll edən mütəxəssisə yox.
Dünyanın qabaqcıl təhsil sistemlərində isə əsas məqsəd tələbəyə tənqidi düşüncə, yaradıcılıq, komanda işi, emosional intellekt və praktiki bacarıq aşılamaqdır. Bizdə isə bu bacarıqlar çox vaxt təhsil sistemindən kənarda, şəxsi təcrübə və özünütəhsil yolu ilə qazanılır.
Bugünkü dünyada, xüsusilə texnologiyanın sürətlə inkişaf etdiyi şəraitdə diplomun özü artıq zəmanət deyil. Korporasiyalar, startaplar və beynəlxalq şirkətlər namizədlərdən sənəd yox, nəticə və portfel tələb edirlər. Məsələn, proqramçı, dizayner, jurnalist və ya mühəndis üçün ən vacib olan onun gördüyü işin keyfiyyətidir, yoxsa hansı universiteti bitirdiyi deyil. Bu dəyişiklik göstərir ki, təhsilin məqsədi sənəd toplamaq yox, şəxsiyyət və bacarıq formalaşdırmaq olmalıdır.
Əgər biz gənclərimizi gələcəyə hazırlamaq istəyiriksə, təhsilin məğzini dəyişməliyik. Bu, sadəcə kurikulumun yenilənməsi deyil, təhsil fəlsəfəsinin dəyişməsidir.
Beləliklə, sualın cavabı aydındır. Təhsilin məqsədi diplom deyil, bacarıq qazandırmaqdır. Diplom sənə qapını açar, amma o qapıdan keçmək üçün bacarıq və düşüncə tələb olunur.
Leyla Mirzə, Bizimyol.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.