AZ

Azərbaycan kino sənayesində iki illik inkişaf dinamikasının qorunması prioritet məsələdir

Son iki il ərzində Azərbaycan kino sənayesi keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. “Azərbaycan Respublikasının Kino Agentliyi” (ARKA) Prezidentin 2022-ci il 20 aprel tarixli Fərmanı ilə yaradılıb və 2023-cü ildən fəaliyyətə başlayaraq, milli kino sektorunun canlanmasına mühüm təkan verib.

Kino istehsalı və iqtisadi təsir
2023–2025-ci illərdə dövlət dəstəyi ilə 71 film layihəsinin istehsalına başlanılıb, onlardan 50-si (6-sı tammetrajlı) tamamlanaraq təhvil verilib. İstehsal üçün 34 şirkətə 21,3 milyon manat dövlət vəsaiti ayrılıb. Hazırda ildə orta hesabla 8–10 tammetrajlı film istehsal olunur.

Kino sənayesində bu canlanma 1570 müvəqqəti iş yeri yaradıb, 2026-cı il üçün planlaşdırılan layihələr isə əlavə 800 iş yeri formalaşdıracaq.

Yayım, beynəlxalq əməkdaşlıq və tanıtım
2025-ci ildən filmlərin yayım hüquqlarının satışına başlanılıb. Yerli telekanallarla imzalanan ilk yayım paketi 11 film üzrə 100 min manat dəyərindədir. Azərbaycan filmləri artıq Kann və Venesiya kimi nüfuzlu festivallarda nümayiş olunur.

ARKA beynəlxalq əməkdaşlıq çərçivəsində 7 memorandum imzalayıb və hər il 6 beynəlxalq film festivalına dəstək verir. 2024-cü ildə təsis edilən “Baku Cinema Breeze” (BCB) platforması regionda vahid kino bazarının formalaşmasına xidmət edir. 2025-ci ilin dekabrında keçiriləcək növbəti BCB konqres-festivalında 30-dan çox ölkədən nümayəndələrin iştirakı gözlənilir.

Birgə istehsal və investisiya axını
Azərbaycanın təşəbbüsü və TÜRKSOY-un dəstəyi ilə ərsəyə gələn “Molla Nəsrəddin: Çətin günlərimin dostu” filmi Türk dünyasının ilk ortaq bədii filmi olacaq.

2023–2025-ci illərdə ARKA-nın dəstəyi ilə ölkədə çəkilən xarici layihələr nəticəsində 10 milyon ABŞ dolları məbləğində vəsait ölkə iqtisadiyyatına daxil olub. Prezidentin 2025-ci il 29 may tarixli sərəncamı ilə təsdiqlənən “xərclərin qismən geri ödənilməsi (rebate)” mexanizmi xarici istehsalçıların marağını daha da artırıb. Bu sistemin tətbiqi növbəti üç ildə ölkəyə 50 milyon dollara yaxın investisiya cəlb edilməsi ilə nəticələnə bilər.

İnfrastruktur və idarəetmə
ARKA hazırda dövlət kino müəssisələrinin mərkəzləşdirilmiş idarəetməsini həyata keçirir, rəqəmsal idarəetmə modelləri tətbiq edir və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının müasir kino sənaye parkına çevrilməsi istiqamətində işləri davam etdirir.

Maliyyə sabitliyinin əhəmiyyəti
2026-cı il dövlət büdcəsində kino sənayesinə vəsait ayrılmaması, əldə olunmuş inkişaf dinamikasının dayanmasına, “rebate” mexanizminin tətbiqinin ləngiməsinə və Azərbaycanın qlobal innovasiya indeksində mövqeyinin zəifləməsinə səbəb ola bilər.

Hazırda ARKA-nın hesabında qalan 4,5 milyon manat yalnız davam edən layihələrin maliyyələşdirilməsinə yönəlib. Bu səbəbdən, dövlət dəstəyinin davamlılığı kino sənayesinin sabit inkişafı üçün həlledici əhəmiyyət daşıyır.

Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA)

Seçilən
17
4
sia.az

6Mənbələr