AZ

“Putin bu 5 ildə Azərbaycan haqda nələri dəqiqləşdirdi?..- Özümüzü aldatmayaq, Rusiya hələ burdan əl çəkməyib...”

“Rusiya agenturasının da, “5-ci kalon”unun da bünövrəsi “KQB” arxivləridir, yalnız o arxivlər ağılla, düzgün qaydada və məqsədəuyğun şəkildə açılandan sonra bu sistemi asanlıqla çökdürmək və imperiyanın caynağından qurtulmaq mümkün olacaq... Əks halda hələ çox Mehdiyev şouları ilə qarşılaşmalı olacağıq...”
 
5 il öncə bu günlər minlərlə şəhid və qazimizin canı-qanı hesabına, dövlətimizin uğurlu siyasəti və qardaş Türkiyənin  xüsusi dəstəyi sayəsində torpaqlarımızın xeyli hissəsini azad edərək Qarabağın mənəvi ürəyi- Şuşaya daxil olmuş müzəffər Azərbaycan əsgərinin ardınca tarix boyu işğalçı kimi tanınmış Rusiya əsgəri də “dəhliz” dediyi torpaqlarımıza ayaq basdı... “Sülhməramlı” cildindəki imperiya əsgərlərinin on illər sonra Azərbaycan ərazisinə qayıtması hərbi-siyasi-diplomatik baxımdan uğur kimi görünsə də, əslində Azərbaycan ordusunun onadək baş vermiş hərbi uğurlarına kölgə salmağa başladı... Həm də o baxımdan ki, “sülhməramlı”ların gəlişi artıq Qarabağın o zaman üçün fizioloji “ürəyi”ni - Xankəndini mühasirəyə almaqda olan ordumuzun irəliləyişini əngəllədi...   
 
Hərbi-siyasi-diplomatik uğurumuz ondan ibarət oldu ki, işğalçı Rusiyanın qərəzli və məqsədyönlü vasitəçiliyi ilə imzalanmış üçtərəfli razılaşmaya əsasən Kəlbəcər və Laçın rayonları(Laçın şəhəri və məlum “dəhliz”ə daxil olan bir neçə ətraf kənd istisna) bir güllə atılmadan Ermənistan ordusu və erməni separatçı-terrorçu birləşmələri çıxarılmaqla Azərbaycana qaytarıldı...
 
Bəs özünün dəstəyi ilə Ermənistanın torpaqlarımızı 30 ilə yaxın işğalda saxlamasından sonra  Moskvanın Azərbaycana tərəf “dönüşü” nə ilə bağlı idi?.. Əsas səbəb 2018-ci ildən bəri qərbyönümlü Nikol Paşinyanın hakimiyyətdə olması və nəticədə Ermənistan cəmiyyətinin əksəriyyətinin Qərbə, Avropaya meyillənməsi oldu. Yəni Azərbaycanın torpaqlarının azad etməsinə dolayısıyla yardımçı olmaqda Moskvanın məqsədi erməniləri cəzalandırmaq və bununla paralel Bakıdakı dayaqlarını möhkəmlətmək idi. 44 günlük savaş günlərində Azərbaycan paytaxtınının küçələrində Rusiya icmasının Azərbaycan, Türkiyə və Rusiya bayraqlarıyla avto-yürüşlər təşkil etməsi də boş yerə deyildi... Bu minvalla özlərini "millətçi", "vətənpərvər", "torpaqsevər" kimi xalqa sırıyan hakimiyyətdəki “5-ci kalon” və agentura nümayəndələri də yerlərini bərkitməklə gələcəkdə Azərbaycanın Qərbə üz tutmasının qarşısını almaq məqsədi güdürdü. Başqa sözlə, Rusiya Ermənistanla paralel Azərbaycanı da itirməkdən ehtiyat etdiyindən xalqımızın torpaqların azad edilməsi arzusunun reallaşmasına dəstək verməklə onun rəğbətini qazanmağa çalışırdı... Burada digər əsas məqsədlərdən biri də artıq Ukraynaya bir neçə ildən sonra təcavüz etməyi planlaşdıran Kremlin Güney Qafqazdakı dayaqlarını mümkün qədər möhkəmlətmək idi...
 
Öz qoşunlarını faktiki Azərbaycanın de-yure ərazisinə yeritdikdən sonra Kremlin digər məqsədi regionda öz təsirini daha da genişləndirməklə orada uzun müddət hərbi mövcudluğunu da saxlamaq idi. Bunu “sülhməramlı”ların Xocalı yaxınlığında özlərinə kilsə tikməkləri, həmçinin Rusiya imperiyasının tarixi şəxsiyyətlərinin büstlərinin qoyulması, eləcə də Rusiya “sülhməramlı” əsgərinə heykəl yapılması da təsdiqləyirdi... 
   
Bundan sonra Rusiya “sülhməramlı”larının və Xankəndindəki separatçı-terrorçu rejimin macəraları başlandı... “Sülhməramlı”ların ilk komandanı olan general Rustam Muradovun Xankəndinə daxil olan kimi separatçı-terrorçu rejimin qondarma “prezidenti” Araik Arutyunyanla qucaqlaşıb-öpüşməsi Putinin irqçi, separatçı, terrorçu xislətli ermənilərə də ümid vermək məqsədi güdürdü. Yəni rus çarı demək istəyirdi ki, “rus əsgəri artıq 1988-1991-ci illərdə olduğu kimi, buradadır- əgər İrəvandakılar da, siz də özünüzü yaxşı aparsanız, bizim dediyimizlə oturub-durub Paşinyanı devirsəniz, yenidən Şuşanın, Laçının da, Kəlbəcərin də sizin əlinizə keçməsinə şərait yarada bilərik...
 
Sözsüz ki, Putin “FSB”, “QRU” və digər xüsusi xidmət qurumları vasitəsilə həmin günlərdən başlayaraq  Azərbaycan xalqının da, erməni toplumunun da baş verənlərə reaksiyasını ciddi şəkildə tədqiq edib. Adi çayxana söhbətləri, sosial şəbəkələr və media vasitəsilə insanların Qarabağdakı rus “sülhməramlı”larının torpaqlarımızda özbaşına kilsə tikməsinə, şair və sərkərdələrinə abidə qoymalarına, eləcə də separatçı-terrorçu ermənilərə gizli yollarla Xankəndinə, Ağdərəyə, Ağdam ətrafına və s. silah-sursat daşımasına dəstək vermələrinə, erməni tərəfin atəşkəsi pozmalarına göz yummalarına və s. münasibətləri öyrənilirdi.  Bununla aydın olurdu ki, Moskvanın torpaqlarımızın xeyli hissəsinin azad edilməsinə “şərait” yaratmasına rəğmən Azərbaycan xalqının əksəriyyəti Şuşadan sonra Xankəndinin də azad edilməsinin qarşısını məhz Kremlin aldığını düşünür və ümumiyyətlə, öz ərazisində separatçı-terrorçu ermənilərə dəstək verən, 1992-ci ildə ermənilərlə birgə soyqırım törətdikləri Xocalı yaxınlığında özbaşına kilsə tikən və s. Rusiyanın “sülhməramlı” cildli işğalçı hərbçilərinin varlığını istəmir, əksinə, separatçı-terrorçu rejim üzərindəki qələbədə bizə dəstək olmuş Türkiyənin ölkəmizdə hərbi baza qurmasına çağırır... Digər tərəfdən, Avropa və ABŞ-ın ciddi-cəhdlə ermənilərin heç olmasa bir hissəsinin vətəndaşlığı qəbul edib Qarabağda qalması şərti ilə Azərbaycan və Ermənistan arasında məsələni həll etməsinə böyük cəhdlər göstərməsi də Moskva üçün təhlükəli idi... Əgər bu şəkildə məsələ həll olardısa və bölgədə sülh yaranardısa, Rusiya öz qoşunlarını ərazidən çıxarmağa məcbur qalardı. Bu yandan da,  Xankəndi və ümumiyyətlə, keçmiş Dağlıq Qarabağ ərazisində separatçı-terrorçu rejimin məhz rusların dəstəyi ilə mövcudluğunu qoruyub saxlaması Azərbaycan xalqının Moskvaya nifrətini gücləndirir və paralel olaraq onun Bakıdakı “5-ci kalonu” və agenturası üçün də təhlükəni artırırdı. Yəni artıq söhbət yaxın gələcəkdə Azərbaycanın Rusiya təsirindən tamamilə çıxmasından gedirdi. Bütün bunları, həmçinin qardaş Türkiyənin müxtəif siyasi-diplomatik yollarla təzyiqlərini nəzərə alan Putin Azərbaycan ordusunun lokal əməliyyatla Xankəndi, Xocalı, Əsgəran, Ağdərə və s. daxil olmaqla bütün keçmiş Dağlıq Qarabağ ərazisinin silahlı separatçı-terrorçu erməni birləşmələrindən təmizləməsinə, eləcə də oradakı qondarma rejimin bir sıra liderlərinin həbs edilərək Bakıya gətirilməsinə göz yummağa və bunun ardınca Ukrayna cəbhəsində də ehtiyac olması səbəbindən də Rusiya “sülhməramlı”larının ərazidən çıxarılmasına qərar verməyə məcbur oldu...  
 
Təbii ki, bütün bunlardan sonra Kremldəkilərin Azərbaycana qarşı kini artdı. Odur ki, Qarabağdan “sülhməramlı”ların çıxarılması və Azərbaycanın öz suverenliyi və ərazi bütövlüyünü, demək olar ki, bərpa etməsinin acığını çıxmağa girəvə axtarmağa başladılar. Rusiya qoşunlarının Azərbaycan ərazisindən çıxmasından bir neçə ay sonra – 2024-cü ilin avqustunda Bakıya səfər edən və prezident İlham Əliyevlə “öz evindəki” kimi sərbəst, “dost kimi” söhbət edən Putin əslində qisas alınması üçün məqam gözləyirdi. Belə bir məqam da həmin il dekabrın 25-də yetişdi. Rusiya ərazisində Azərbaycanın sərnişin təyyarəsi vuruldu və məlum faciə baş verdi. Düzdü, təyyarəmizin Qroznı səmasında Rusiya hərbçiləri tərəfindən qəsdən vurulması rəsmən təsdiqlənməsə də, bunu əsaslandıran məntiqi və faktoloji məqamlar yetərincədir. Hətta bu, rəsmi sübutunu tapmasa belə, Kreml, Putin sadəcə “AZAL” təyyarəsinin vurulmasına görə Rusiya dövlətinin rəsmən üzr istəməsi, faciəyə səbəb olanların layiqincə cəzalandırılması, bununla bağlı müvafiq kompensasiya məbləği ödənilməsini və s. artıq bir ilə yaxın müddətdə gecikdirməsini də Azərbaycandan qisas kimi qəbul edir. Doğrudur, Düşənbə görüşündə Putin Prezident İlham Əliyevdən dilucu olsa da, dediyi kimi, bir daha üzr istədi və kompensasiya ödəniləcəyini, “bütün vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət veriləcəyini” vəd etdi. Ancaq bu, yetərli deyil... 
 
Çoxları Putinin bəhs edilən görüşdəki davranışlarını onun məğlubiyyəti və zəifliyi kimi qəbul edir. Lakin əslində belə deyil. Əvvəla, Putin yenə də təyyarəmizin vurulmasıyla bağlı yalanlar danışdı. İkincisi, hələ edilən vədlərin real nəticəsini gözləməliyik. Üçüncüsü, Ukraynaya təcavüzü ilə bağlı çıxılmaz “bataqlığa” düşməsinə rəğmən, kollektiv Qərblə savaşda hələ uduzmayan, üstəlik, dronlarını NATO ölkələrinin paytaxtlarına, hərbi bazalarına göndərə bilən, Macarıstan, Slovakiya, Çexiya və s. kimi Şərqi Avropa ölkələrində hakimiyyət səviyyəsində təsirini qoruyub saxlayan, Afrika, Cənubi, Mərkəzi Amerika ölkələrində hələ də siyasi və iqtisadi nüfuza malik olan Rusiyanı Azərbaycana münasibətdə zəif hesab etmək əsla doğru deyil. Düşmənin gücünü kiçiltmək məğlubiyyətin başlanğıcı ola bilər...
 
Dördüncüsü də, bu 3 əsrlik azğın imperiya mövcudluğunu qorumaq üçün hər cür qeyri-bəşəri, qeyri-əxlaqi yollara getmək, həmçinin məğlub, zəif durumda belə, hansısa qazanc əldə etmək vərdişlərinə yiyələnib. Məhz bu mənada, işğalçı imperator Putin tabeliyindəki kəşfiyyat və təhlükəsizlik qurumları vasitəsilə Azərbaycanın Şuşa daxil olmaqla işğal altındakı torpaqlarının azad edilməsindən keçən 5 il ərzində və xüsusən də, məlum  təyyarə faciəsindən keçən bir ilə yaxın müddətdə bir sıra bilgilər də əldə edə bilib.  Qarabağ məsələsində Kremlin rolu və “sülhməramlı”ların torpaqlarımızdakı fəaliyyətinə münasibətdə xalqımızın reaksiyası haqda Rusiyanın əldə etdiklərinə bayaq toxunduq. Rusiya ordusunun səbəb olduğu təyyarə faciəsindən, həmçinin yay aylarından Rusiyadakı soydaşlarımıza qarşı başlanan repressiya, qətl, həbs, deportasiya kampaniyasından sonra isə Putin öz agenturası və “5-ci kalon”u vasitəsilə Azərbaycanda əhalinin nə qədər hissəsinin Kreml hakimiyyətinə qatı nifrət bəslədiyini, hansı faizinin bir az nifrət etdiyini, neçə faizinin isə ümumiyyətlə, laqeyd qaldığını və ya əksinə, imperiyaya, Moskvaya sevgi bəslədiyini müəyyənləşdirdi. Və sözsüz ki, media, sosial şəbəkələr və ümumiyyətlə, müxtəlif səviyyələrdə əhali arasında aparılan apaşdırmalar zamanı Kremlə, şəxsən Putinə qarşı daha çox aqressivlik göstərən aparıcı siyasi, ictimai fiqurlar, fəallar, eləcə də yazar və jurnalistlər, ziyalılar, kiçik və orta vəzifəli məmurlar və s. siyahılaşdırılıb... Bundan əlavə, konkret hakimiyyət səviyyəsində kimlərin hansı mövqe tutması, həmçinin ayrıca “5-ci kalon”a daxil olan orta və yüksək vəzifəlilərin, deputat, biznesmen və oliqarxların Moskvaya nə qədər sadiq olduqları, ümumiyyətlə, 44 günlük savaşdan bəri keçən müddətdə Türkiyəyə, yaxud Qərbə meyillənib-meyillənməmələri də dəqiqləşdirilib. Bu minvalla deyilən göstəricilərə uyğun olaraq Azərbaycana qarşı indən belə aparılacaq siyasətin taktiki və strateji gedişləri müəyyən edilib...
 
Xülasə, belə qənaətə gəlirik ki, Qarabağ savaşında uğurlu əməliyyatlarımızın başlanmasından keçən 5 il ərzində Rusiya “sülhməramlı”larını torpaqlarımızdan çıxarsa da, 32 il müddətində yetişdirib qoruduğu separatçı-terrorçu rejimin ləğvi, onun bir sıra liderlərinin həbsi və XIX əsrin əvvəllərindən bəri toxumunu səpdiyi erməni toplumunun kütləvi şəkildə Qarabağdan köçməsi ilə razılaşmağa məcbur olsa da və mediada səsləndirilən fərziyyələrə istinad etsək, son 40-50 il ərzində Azərbaycandakı əsas dayaq fiqurlarından biri olan Ramiz Mehdiyevin zərərsizləşdirilməsinə susmalı olsa da, əslində bu imperiya ölkəmizdəki dayaqlarını itirməyib... Sadəcə həmin dayaqlar bir az zəifləyib...
 
Onu deyək ki, Moskva separatçı-terrorçu rejimin ləğvi və ermənilərin mütləq əksəriyyətinin Azərbaycanın Qarabağ torpaqlarından köçməsindən hələlik Ermənistanda Paşinyan hakimiyyətinin yıxılması üçün yararlana bilməsə də, gələcəkdə bundan istifadə edə biləcəyinə hələ ümidlidir. Digər tərəfdən isə, bəzi Qərb ölkələrinin etdiyi kimi, Rusiya da məqamı gələndə ermənilərin kütləvi şəkildə Qarabağdan köçməsi faktından Azərbaycana qarşı növbəti qondarma “etnik soyqırım” təzyiqi kimi də istifadə edə bilər...
 
“Sülhməramlı” ordusunun Azərbaycan ərazisindən çıxmasına gəlincə, hələ o vaxt yazdığımız bir köşədə də demişdik: Rusiyanın 5-10 minlik hərbi kontingenti çıxsa da, ərazimizdə 3 əsrdən bəri formalaşmış və sayı bəlkə də azı on minlərlə ölçülə bilən bir orduya bərabər nəhəng agentura şəbəkəsi və “5-ci kalon”u qaldı... Və son bir ildəki olay və proseslər göstərdi və hələ göstərəcək ki, Bakıda sonradan Moskvaya qaytarılan “Rus evi”ndəki bir neçə “casus”un həbsi, həmçinin Prezident Administrasiyasının 24 illik sabiq rəhbəri  Ramiz Mehdiyevin və ətrafının zərərsizləşdirilməsi ilə Rusiya imperiyasının Azərbaycandakı dayaqları yox edilməyib... 
 
Özümüzü aldatmayaq, Rusiya hələ buradadır... Hələ bizdən əl çəkməyib... Həm də ona görə ki, “Rus evi”ndəki “casus”lar Moskvaya qaytarıldı. Ramiz Mehdiyev isə Kremlin sadəcə bir iri fiqurudur və onun ətrafında Rusiya agenturası və “5-ci kalon”unun yalnız bir neçə mini cəmləşə bilər. Bunu dəfələrlə demişik, bir daha deyirik; hələ 2001-ci ildə Amerikanın “Azadlıq radiosu”nda rəhmətlik Mirzə Xəzər Mərkəzi Kəşfiyyat İdarəsinə istinadla demişdi ki, Azərbaycanda 80 minə yaxın Rusiya agenti var.  Yəni söhbət sovet dövründən bəri “KQB”-“FSB”-yə bağlı şəxslərdən gedirdi. O zaman əhalimizin 8 milyona yaxın olduğunu nəzərə alsaq, belə çıxırdı ki, hər 100 nəfərdən biri Rusiya agentidir... Deməli, indi onların sayı daha da artıb. Çünki SSRİ-nin dağılmasından artıq 34 ilə yaxın vaxt keçsə də, hələ də o adda Rusiya imperiyasının heç olmasa Bakıdakı olan-qalan arxivləri açılmayıb və siyasi, hərbi, iqtisadi, texnoloji, tibbi və s. meydanda “KQB”-yə bağlı olmuş şəxslər müəyyənləşdirilib kənarlaşdırılmayıb. Və bu minvalla Azərbaycanda “KQB” nəsilləri toxunulmaz qalaraq adları çəkilən və çəkilməyən sahələrdə mühüm postlar tutmaqda və müstəqilliyini bərpa etmiş dövlətçiliyimizə zərbələr vurmaqda davam ediblər... Bir sözlə, Rusiya agenturasının da, “5-ci kalon”unun da bünövrəsi “KQB” arxivləridir, yalnız onlar ağılla, düzgün qaydada və məqsədəuyğun şəkildə açılandan sonra bu sistemi asanlıqla çökdürmək mümkün olacaq... Əks halda hələ çox Mehdiyev şouları ilə qarşılaşmalı olacağıq... 
 
Putin Düşənbədə Azərbaycan dövlət başçısı İlham Əliyevlə görüşdən sonra jurnalistlərin suallarını cavablandırarkən təsadüfən demədi ki, “Azərbaycan demək olar ki, rusdilli ölkədir”... Rusiya çarı burada əslində ölkəmizdəki, rusları və yaxud rusdilliləri nəzərdə tutmurdu. Çünki əvvəl də demişəm: elə ruslar və rusdillilər var ki, yetərincə vətənpərvər və demokratik düşüncəli olduğundan hazırkı Rusiya rejimini nəinki sevmir, hətta ona nifrət edir. Odur ki, Putin sözügedən çıxışında siyasi əqidəsi və fəaliyyətiylə Rusiyaya birbaşa bağlı azərbaycanlıları nəzərdə tuturdu. Bəlkə də o, Azərbaycan əhalisinin azı 2-3 milyonunun miqrant kimi və öncə dediyim kimi, bu yaydan bəri daha güclü təzyiqlər və ciddi rejim altında Rusiyada işləməsini və ölkə əhalisinin yarıdan çoxunun məhz onların hesabına dolanmasına, yəni bu mənada da Moskvadan asılılığımıza işarə edirdi... Gərək vaxtında Gürcüstan, Baltikyanı ölkələr kimi vətəndaşlarımıza ingilis, alman, fransız dillərini öyrədib, onların əksəriyyətini işləmək yaşamaq üçün avtoritar, iqtisadi cəhətdən tənəzzül edən Rusiyaya yox,  demokratik, daim inkişaf edən Avropaya, Amerikaya yönləndirəydik...
 
Sultan Laçın
 
 
Seçilən
21
moderator.az

1Mənbələr