AZ

"Məktəblərdə ciddi problemlərlə üz-üzəyik" - İlqar Orucov

“Mediada Azərbaycan ədəbi dilinin normalarının düzgün tətbiqi” adlı konfransda Mətbuat Şurasının sədr müavini Səadət Məmmədova çıxışı zamanı bildirib ki, ana dilimizdəki problemlərin, dil pozuntularının səbəbi orta məktəbdə tədrisdir.

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru, təhsil eksperti İlqar Orucov Redaktor.az-a açıqlamasında bu fikrə münasibət bildirərkən vurğuladı ki, Səadət xanımın söylədiyində böyük həqiqət var.

Onun sözlərinə görə, ana dilinin tədrisi, onun qrammatik cəhətdən öyrədilməsi və şagirdlərə ötürülməsi məhz məktəblə bağlıdır:

"Mən bəzən insanların hətta öz ad və soyadlarını yazanda belə səhvə yol verdiklərini müşahidə edirəm. Zamanında orta məktəbdə təhsil almış, attestat almış insanlar var ki, bir cümlə belə yazmaq bacarıqları yoxdur. Deməli, biz məktəblərdə onların yazı bacarıqlarını öyrədə, oxuma bacarıqlarını aşılaya bilməmişik. Tutaq ki, hər kəs evində Azərbaycan dilində danışırsa, onu yazıya almaq, onun dil üslubuna uyğun şəkildə qələmə almaq, əlbəttə ki, bu, bilavasitə dillə bağlı müəyyən biliklərin səbəbi üzərindən baş verir. Biz məktəblərdə bu istiqamətdə ciddi problemlərlə üz-üzəyik. Məhz məktəbdə təhsilin, ana dilinin düzgün tədris olunmaması ona gətirib çıxarıb ki, biz əvvəlki illərlə müqayisədə son illərdə bu kimi xoşagəlməz hallarla daha tez-tez rastlaşırıq. Bəzən hətta bunu reklam lövhələrində görürük. Təbii ki, o işə məsul qurum var və onlar bütün hallarda nəzarət həyata keçirirlər, amma görürsünüz ki, bir sözü belə düz yaza bilmirlər. Bunun səbəbi təbii ki, məktəbdir. Məktəbdə ana dilinin düzgün tədris olunmamasıdır, düzgün insanlara aşılanmamasıdır. Bir daha qeyd edirəm, mən Səadət xanımın fikirləri ilə tamamilə razıyam. Biz evdə ana dilində danışırıq, uşaqlarımıza aşılaya bilərik, amma o dilin qrammatikasını, normalarını, təbii ki, bunu valideyn aşılaya bilməz. Bu, məktəbin işidir. Problemlər varsa, deməli, bunun da kökü məhz məktəbdə ana dilinin tədrisi ilə bağlıdır".

Aytəkin TOFİQQIZI

Seçilən
30
2
redaktor.az

3Mənbələr