Suriya Prezidenti Əhməd əş-Şaraa, ABŞ Prezidenti Donald Trampın İsrailin Suriyadan geri çəkilməsini dəstəklədiyini açıqlayıb. O, görüşdən sonra müsahibəsində bildirib ki, İsraillə razılaşma əldə etmək üçün hələ çox məsafə var və yekun razılaşmaya çatmaq üçün İsrailin əvvəlki sərhədlərinə qayıtması lazımdır. Şaraa İsrailin Suriyaya təhlükəsizlik məqsədilə deyil, işğal ambisiyaları ilə daxil olduğunu vurğulayıb və İsrailin cənubda şərtlər qoymasının əsasında Colan yüksəkliklərini qorumaq niyyəti olduğunu vurğulayıb.
Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Tural İsmayılov bildiirdi ki, Donald Trampın İsrail ordusunun Suriyadan geri çəkilməsini dəstəkləməsi regionda yeni siyasi reallıqların formalaşdığını göstərir. Onun sözlərinə görə, bu addım uzun illərdir davam edən gərginlik fonunda diplomatik dialoqa qapı aça biləcək potensiala malikdir.
"Trampın bu mövqeyi regional sabitliyin bərqərar olması üçün praqmatik yanaşma kimi dəyərləndirilə bilər. Əslində bu, ABŞ-nin Yaxın Şərqdə balanslı siyasətə qayıdışının da bir göstəricisidir. İsrailin təhlükəsizlik maraqları ilə yanaşı, Suriyanın ərazi bütövlüyü və suverenliyinə hörmət prinsipinin önə çəkilməsi konstruktiv yanaşmadır. Tramp və Suriya Prezidenti Əhməd əş-Şaraa arasında keçirilən görüş isə regional diplomatiyada mühüm dönüş nöqtəsi sayıla bilər. Bu dialoq qarşılıqlı anlaşmanın və siyasi reallığın qəbulunun vacibliyini ön plana çıxarır. Görüşün əsas mahiyyəti, münaqişələrin hərbi yoldan çox siyasi həll mexanizmləri ilə aradan qaldırılmasının mümkünlüyünü göstərir. Belə təmaslar regionda uzunmüddətli sabitliyin və iqtisadi canlanmanın əsasını qoya bilər".

Politoloqun fikrincə, Trampın ritorikasında praqmatizm və siyasi reallığa uyğunlaşma elementi açıq görünür:
"Bu isə diplomatiyada yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Əhməd əş-Şaraanın da dialoqa açıq mövqe nümayiş etdirməsi, Suriyanın yenidənqurma mərhələsinə keçid üçün əlverişli zəmin yaradır. Bu prosesdə beynəlxalq hüquq normalarına hörmətin qorunması və regional əməkdaşlığın inkişafı vacibdir. Ümumilikdə bu görüş Yaxın Şərqdə ümidverici bir diplomatik səhifənin başlanğıcı ola bilər".
Xədicə BAXIŞLI