AZ

Dünya Bankı ilə kənd təsərrüfatı və suvarma sahəsində yeni layihə müzakirə olunub (FOTO)

Noyabrın 12-də Azərbaycan Respublikasının maliyyə nazirinin birinci müavini Anar Kərimov ölkəmizdə səfərdə olan Dünya Bankının Kənd Təsərrüfatı və Qida üzrə Təcrübə missiyası ilə görüşüb.

Olaylar xəbər verir ki, görüşdə Azərbaycan Hökuməti ilə Dünya Bankı arasında kənd təsərrüfatı və suvarma sahəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcək istiqamətləri, o cümlədən "Rəqabətli, Dayanıqlı Kənd Təsərrüfatı və Suvarma Xidmətləri" (CRAIS) layihəsinin hazırlanması, təsdiqi və icra mexanizmləri müzakirə olunub. Qeyd olunub ki, bu təşəbbüs prioritet suvarma sxemləri və fəaliyyətlərinə xüsusi diqqət yetirməklə Azərbaycanın kənd təsərrüfatı sektorunun məhsuldarlığını, dayanıqlığını və rəqabət qabiliyyətini artırmaq məqsədi daşıyır.

A.Kərimov bildirib ki, aqrar sahənin modernləşdirilməsi, suvarma infrastrukturunun səmərəliliyinin artırılması, iqlim dəyişikliklərinə uyğun kənd təsərrüfatı texnologiyalarının tətbiqi və qida təhlükəsizliyinin gücləndirilməsi hökumətin əsas prioritetlərindəndir.

Nümayəndə heyətinin üzvü Holger Kray Azərbaycanın son illərdə kənd təsərrüfatı və suvarma infrastrukturunun inkişafı sahəsində əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib, CRAIS layihəsinin kənd təsərrüfatı sektorunun dayanıqlılığının artırılmasına, kənd yerlərində iqtisadi fəallığın və məşğulluğun dəstəklənməsinə xidmət edəcəyini ifadə edib.

Görüşdə həmçinin layihənin icrasına hazırlıq, sahə üzrə mütəxəssislərin cəlb olunması, texniki hazırlıq proseslərinin sürətləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Dünya
Dünya
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
20
7
olaylar.az

8Mənbələr