Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Skandinaviya ölkələri olan Finlandiya, Norveç və İsveç xoşbəxtlik ölkələri arasında daim ön sıralarda qərarlaşır. Bu ölkələrdə yaşayan digər millətlər bildirirlər ki, oranın sakinləri lüks həyat yaşamır, israfdan uzaq dururlar və 20 il eyni paltarı geyinir, hətta yeni geyim alanlara tənqidlə yanaşırlar. Onlar üçün xoşbəxtlik çox şeyə sahib olmaq deyil, heç bir şeyə ehtiyac duymamaqdır. Maddənin, malın, pulun əsiri olmurlar, onun dalınca qaçmırlar.Bəs bu cəmiyyətlərdə formalaşmış minimalizm və qənaətkarlıq vərdişləri psixoloji və sosial rahatlığa necə təsir edir? Onların xoşbəxtlik anlayışından bizim cəmiyyət hansı dərsləri çıxara bilər?Bizim cəmiyyətlə müqayisə etsək - bizdə daha çox şeyə sahib olmaq uğrunda yarış gedir. Bu, niyə xoşbəxtlik gətirmir əksinə, narazılıq artırır?Bu sadəlik və israfdan uzaq həyat tərzini uşaqlara necə aşılamaq olar?Xoşbəxtlik öyrənilən bir şeydirmi, yoxsa içimizdə olan bir haldır?
Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına açıqlamasında Ahəng Psixologiya Reabilitasiya İnkişaf Mərkəzinin rəhbəri, psixoloq Vüsalə Əmiraslanova bildirib ki, Şərq ölkələrində, ümumiyyətlə yarışma, bir-birindən daha üstün olmaq istəyi yüksəkdir.
Vüsalə Əmiraslanova
“Avropa ölkələrində mənəvi və estetik inkişaf daha ön planda olduğuna görə onlarda maddi tərəf sadəcə olaraq müəyyən bir tələbatları ödəmək üçün lazım olur. Yəni burda bir yarışma, kimləsə özünü müqayisə etmə, daha yaxşı geyinmə, daha yaxşı ad günü olsun, toy olsun deyə, - onların belə bir istəkləri, tələbatları olmur. Təəssüflər olsun ki, cəmiyyət olaraq başqalarından daha üstün olmağa çalışırıq və ya başqaları ilə özümüzü müqayisə edirik? Niyə? Çünki bizdə həm Avropa, həm Asiya mədəniyyəti birləşib. Bəzi nüansları Avropadan, bəzilərini isə Asiyadan götürürük. Şərq ölkələrində, ümumiyyətlə yarışma, bir-birindən daha üstün olmaq istəyi yüksəkdir. Bizim xalqımız da bu məsələdə daha emosional olduğuna görə ön planda daha çox müqayisə, üstün olma istəyi olur.
Niyə insan xoşbəxt ola bilmir? Çünki insan özündə olan fərqliliyi kəşf edə bilmir və özünə daha çox tələbkar olmalıdır ki, digərləri ilə özünü müqayisə eyməyə ehtiyacı olmasın, digərlərindən daha üstün olmaq cəhdi onun üçün əsas prioritet olmasın. Avropa ölkələrində yaşayan insanlarda başqaları ilə müqayisə tələbatı yoxdur. Özlərini sadəcə özləri ilə müqayisə etdiklərinə görə, "dünənki mən və bugünkü mən" düşüncəsi onlarda daha çox inkişaf edir.
Biz uşaqlarda bunu necə aşılamalıyıq? Birinci, valideynlər özündə bunu dəyişdirməlidir. Çünki uşaq valideynlərindən tərbiyə alır. Uşağa öyrədilməlidir ki, "sənə aldığım nəyəsə görə deyil, aldığım hədiyyələrə deyil, sənə verdiyim sevgiyə görə sən xoşbəxt olmalısan". Amma biz uşaqlarımızı lap balaca vaxtından müəyyən hədiyyələrə və pula öyrədirik ki, "bunu etsən pul verəcəm sənə, bunu etsən hədiyyəni alacaqsan". Biz özümüz uşağa o maddi asılılığı beyinlərinə yeridirik”-deyə Vüsalə Əmiraslanova qeyd edib.
Günel Həsənova, Bizimyol.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.