Xalqcebhesi portalından verilən məlumata əsasən, ain.az bildirir.
“ABŞ Prezidenti Donald Tramp İsrail ordusunun Suriyadan geri çəkilməsini dəstəkləyir”. Bunu Suriya Prezidenti Əhməd əş-Şaraa amerikalı həmkarı ilə görüşdən sonra “The Washington Post”a müsahibəsində deyib. Onun sözlərinə görə, İsraillə razılaşma əldə etmək üçün hələ qət edilməli çox məsafə var. “Yekun razılaşmaya çatmaq üçün İsrail ötən il dekabrın 8-dən əvvəlki sərhədlərə qayıtmalıdır”, - Suriya Prezidenti vurğulayıb. O bildirib ki, "İsrail Suriyaya təhlükəsizlik qayğılarının həlli üçün yox, işğalçılıq ambisiyalarını həyata keçirmək üçün daxil olub". “İsrail həmişə iddia edir ki, Suriyadakı narahatlıqları İran dəstəkli qruplaşmalar və Hizbullaha görədir. Amma biz bu qüvvələri Suriyadan çıxarmışıq. İsrail Suriyanın cənubunda şərtlər qoyur və bunu Colan yüksəkliklərini qorumaq üçün etdiklərini iddia edir. Bir neçə ildən sonra onlar bəlkə də Suriyanın mərkəzini işğal edəcəklər və bunu Suriyanın cənubunu qorumaq üçün etdiklərini iddia edəcəklər. Onlar bu yolla Münhenə qədər gedib çatacaqlar”, - Əhməd əş-Şaraa bəyan edib.
Qeyd edək ki, Əhməd əş-Şaraa Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşüb. Hər iki tərəf görüşün uğurlu keçdiyini dilə gətirib.
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu Sherg.az-a deyib ki, Yaxın Şərqin sabitliyini təhdid edən əsas faktorlardan biri İsrailin Suriya ərazilərini işğal etməsidir: "İsrail bu əraziləri işğal etməklə su ehtiyacının təxminən 30 faizini təmin edir. Digər tərəfdən, işğal altında olan Suriya torpaqları strateji baxımdan həm Suriya, həm də İsrail üçün mühüm əhəmiyyət daşıyır. Təbii ki, Suriya bu ərazilərin itirilməsi ilə heç vaxt barışmayacaq. Türkiyə də bu məsələdə prinsipial mövqe nümayiş etdirir. ABŞ ilə Türkiyə arasında, xüsusilə Tramp hökuməti dövründə formalaşan yaxın münasibətlər və Ağ Ev sahibinin Yaxın Şərq siyasətini Ankara vasitəsilə həyata keçirmək planlarına rəğmən İsrailin geri çəkilmək istəmədiyini nəzərə alsaq, bu məsələnin hələ uzun müddət region üçün problem olaraq qalacağını deyə bilərik. İsrail isə işğal etdiyi əraziləri maksimum genişləndirməyə çalışır. Eyni zamanda, ABŞ daxilində fəaliyyət göstərən sionist lobbi vasitəsilə Tramp administrasiyasına təzyiq göstərərək, bu siyasətə dəstək qazanmağa cəhd edir. Bununla belə, Tramp hökuməti fərqli siyasət yürütməkdə maraqlıdır və ABŞ-nin maraqlarını birbaşa özündə ehtiva edən addımlar atmağa üstünlük verir. Yəni, əvvəlki dövrlərdə olduğu kimi, ABŞ-nin Təl-Əvivin maraqları əsasında qeyd-şərtsiz siyasət yürütmə ehtimalı zəifdir. Bu baxımdan İsrail–Suriya münasibətləri Yaxın Şərqdə hərbi toqquşma risklərinin davam etməsi üçün zəmin yaradır. İsrail hökuməti çalışır ki, Suriya dövlət kimi güclənməsin, ordusu daha da zəifləsin, eyni zamanda Türkiyənin bu ölkədə möhkəmlənməsinin qarşısı alınsın".
Amalitikin sözlərinə görə, Qəzza məsələsi kontekstində isə ABŞ ilə yanaşı, Türkiyə və digər ölkələrin fəaliyyət istiqaməti ondan ibarətdir ki, İsraildə Netanyahu hökuməti üçün daha çətin vəziyyət yaransın: "Belə bir ssenaridə Netanyahu hökumətinin hakimiyyətdən getməsi və ondan sonrakı mərhələdə həm Qəzza problemi, həm də Suriya ərazilərinin işğalı kimi məsələlərin həllinə şərait yaranması mümkündür. İstər ABŞ, istər Türkiyə, istərsə də Avropa dövlətləri maksimum səylə çalışırlar ki, İsraildə Netanyahu dönəmi sona çatsın. Çünki həm Qəzza probleminin, həm də Suriya ərazilərinin işğalı məsələsinin ədalətli həlli üçün Netanyahunun hakimiyyətdən getməsi vacib şərtdir. Mövcud proseslər də bu istiqamətdə müəyyən perspektivlərin formalaşdığını göstərir".
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.