AZ

Stokholm hakimiyyəti yeni ekoloji zona kampaniyası ilə bağlı “təbliğat”da ittiham olunur

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Stokholm, 14 noyabr, Nərgiz Cəfərli, AZƏRTAC

“Mötədillər” Partiyasından olan bələdiyyə müşaviri Dennis Vedin şəhər Nəqliyyat İdarəsinə qarşı Ombudsman Aparatına şikayət ərizəsi təqdim edərək, onu vergi vəsaitlərini siyasi kampaniyalar üçün istifadə etməkdə ittiham edib.

AZƏRTAC xəbər verir ki, ötən payız Stokholm hakimiyyəti sosial mediada kampaniya başlatmışdı. Kampaniya, qazıntı yanacaqla işləyən nəqliyyat vasitələrinin qadağan ediləcəyi 3-cü sinif ekoloji zonanın tətbiqi planları barədə sakinləri məlumatlandırmaq məqsədi daşıyırdı. Populyar bloqçular və idmançılar tərəfindən yayımlanan videolarda yeni zonanın hava keyfiyyətini yaxşılaşdıracağı və şəhəri daha təmiz edəcəyi iddia edilirdi.

Dennis Vedin hesab edir ki, bu materiallar məlumatlandırma çərçivəsini aşır və ictimai rəyi formalaşdırır:

“Bloqçularla kampaniyada dövlət vəsaitlərinin istifadəsində şəffaflıq yoxdur. Onlara hansı ödənişlərin edildiyi və seçilmə meyarları açıqlanmır. Bələdiyyə orqanı vergi ödəyicilərinin hesabına ictimai rəyi necə formalaşdıra bilər?” – deyə o bildirib.

Stokholm Nəqliyyat İdarəsi ittihamları rədd edir və kampaniyanın məqsədinin yalnız sakinləri məlumatlandırmaq olduğunu, sosial mediadan istifadənin isə “gənclərlə ünsiyyətin təbii yolu” olduğunu vurğulayır.

Ekoloji zona layihəsi hələ ki, həyata keçirilməyib. Onun icrası şikayətlər, o cümlədən “Mötədillər” Partiyasının müraciətindən sonra dayandırılıb. Məsələ hazırda regional administrasiya tərəfindən yenidən nəzərdən keçirilir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
15
1
azertag.az

2Mənbələr