AZ

Yazar deputat xanımın təklifini yüksək dəyərləndirib RƏY

Sherg.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Milli Ədəbiyyat Fondunun yaradılması yalnız bir qurumun təsisi yox, yeni bir ədəbi düşüncə modelinin qurulması anlamına gəlməlidir

2026-cı il dövlət büdcəsinin müzakirəsi zamanı deputat, YAP İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru Elnarə Akimova ölkənin ədəbi-mədəni həyatına yönəlik önəmli təkliflə çıxış edib.

Millət vəkili ədəbiyyat sahəsində sistemli inkişafın təmin olunması və Azərbaycan yazıçılarının dünyaya tanıdılması məqsədilə “Milli Ədəbiyyat Fondu”nun və “Milli Ədəbiyyat Mükafatı”nın təsis olunmasını təklif edib.

Elnarə Akimova bildirib ki, bu gün Azərbaycan ədəbiyyatı istedadlı müəlliflərə malik olsa da, onların əsərlərinin beynəlxalq səviyyədə yayılması üçün mexanizmlər yetərli deyil: “Biz siyasətdə sözümüzü demişik, idmanda beynəlxalq arenalarda tanınmışıq, amma ədəbiyyat sahəsində hələ o fəthi qazana bilməmişik. Halbuki, bu gün Azərbaycanda yazıçı problemi yoxdur. Yazıçılarımızın dünyaya çıxmamağının səbəbi əsərlərin zəifliyi deyil, çıxmaq metodlarının olmamasıdır”.

Deputat bu kontekstdə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilən TEDA layihəsini misal göstərərək vurğulayıb ki, oxşar modelin Azərbaycanda da tətbiqi ədəbiyyatımızın dünya miqyasında tanıdılmasına ciddi təkan verərdi: “Türkiyədə TEDA layihəsi artıq 20 ildir fəaliyyət göstərir və türk yazıçılarını beynəlxalq kitab bazarlarına çıxarır. Bizdə də belə bir layihə gerçəkləşsə, Azərbaycan ədəbiyyatının dünya dövriyyəsində iştirakı mümkün olar. Biz artıq güclü dövlətik və həqiqətlərimizi bədii söz vasitəsilə dünyaya çatdırmaq üçün sərmayə qoymaqdan çəkinməməliyik”.

Yazar Cəlil Cavanşir Sherg.az-a açıqlamasında Elnarə xanımın təklifini yüksək dəyərləndirib. Qeyd edib ki, nəhayət, Azərbaycan parlamentində ədəbiyyatla bağlı real, gələcəyə yönəlik təşəbbüslərin səslənməsi müşahidə olunur:

“Bu, çox sevindirici haldır. Uzun illərdir ki, ədəbiyyat müstəvisində belə sistemli və perspektivli addımların atılmasına ehtiyac vardı. Azərbaycanda Milli Ədəbiyyat Fondunun yaradılması ideyası, əgər düzgün şəkildə həyata keçirilərsə, həm ədəbiyyatımızın inkişafına, həm də yazarlarımızın beynəlxalq aləmdə tanıdılmasına ciddi töhfə verə bilər. Ancaq bunun üçün bir vacib məqam var ki, bu Fond Azərbaycan Yazıçılar Birliyi formatında olmamalıdır. Əgər yenə eyni idarəçilik prinsipi tətbiq olunarsa, şəxsi münasibətlər və qruplaşmalar ədəbiyyatın önünə keçərsə, o zaman belə bir təşəbbüsün faydası olmaz.

Fondun rəhbərliyinə kimlərsə təyin edilərkən və ya seçilərkən əsas meyar onların ədəbiyyata, müasir ədəbi proseslərə, beynəlxalq təcrübəyə və tərcümə işlərinə baxışları olmalıdır. Rəhbərlik şəxsi maraqları deyil, Azərbaycan ədəbiyyatının dünyada təmsil olunmasını, müasir yazarların tanıdılmasını, yaradıcılığın stimullaşdırılmasını düşünməlidir”.

C.Cavanşir qeyd edib ki, hazırda yazarları ən çox narahat edən məsələlərdən biri budur ki, çox ciddi ədəbi imzalarımız, yüksək səviyyəli yazıçılarımız beynəlxalq aləmə çıxa bilmir: “Onların əsərləri tərcümə olunmur, təbliğ edilmir, beynəlxalq kitab yarmarkalarında və festivallarda görünmürlər. Bu, həm maddi, həm təşkilati, həm də strateji çatışmazlıqlardan irəli gəlir. Elnarə xanımın da qeyd etdiyi kimi, bu sahədə Türkiyənin TEDA proqramı çox uğurlu nümunədir. Onlar illərdir sistemli şəkildə türk ədəbiyyatını dünyaya tanıdır, müxtəlif dillərə tərcümə layihələrinə dəstək verir, bu işə böyük maliyyə və diqqət ayırırlar. Gürcüstanda da eyni istiqamətdə bir neçə layihə həyata keçirilir. Gürcü yazıçıları dövlət dəstəyi ilə xarici dillərə tərcümə olunur, müxtəlif beynəlxalq ədəbi layihələrdə iştirak edirlər. Bizim də bu istiqamətdə oxşar təcrübə formalaşdırmağımız vacibdir. Milli Ədəbiyyat Fondunun yaradılması yalnız bir qurumun təsisi yox, yeni bir ədəbi düşüncə modelinin qurulması anlamına gəlməlidir. Əgər bu addım şəffaf, ədalətli və məqsədyönlü şəkildə atılarsa, Azərbaycan ədəbiyyatı yaxın illərdə dünya ədəbi xəritəsində öz layiqli yerini tuta bilər. Mən bu təşəbbüsün reallaşacağına və nəticə etibarilə ədəbiyyatımızın yeni mərhələyə qədəm qoyacağına ümid edirəm”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
41
sherg.az

1Mənbələr