AZ

ABŞ-də "Starbucks№ işçiləri müddətsiz tətilə başladı

BAKI, 14 noyabr. TELEQRAF

ABŞ-də "Starbucks" şirkətinin minlərlə əməkdaşı genişmiqyaslı tətilə çıxıb.

Teleqraf xarici KİV-lərə istinadən xəbər verir ki, "Starbucks Workers United" həmkarlar ittifaqına daxil olan minlərlə barista 40-dan çox şəhərdə iş yerini tərk edərək şirkət rəhbərliyi ilə aparılan maaş və sosial təminat danışıqlarının nəticəsiz qalmasına etiraz edib.

Aksiyaya cümə axşamı start verilib. Bu tarix "Red Cup Day" adlı ənənəvi endirim günü ilə üst-üstə düşüb. Həmin gün "Starbucks" filiallarında adətən müştəri sayı ciddi şəkildə artır.

Şirkətdən bildirilib ki, ABŞ və Kanadada 18 mindən çox "Starbucks" məntəqəsi fəaliyyət göstərir və tətilin təsiri hələlik məhduddur. Lakin təxminən 550 filialı təmsil edən həmkarlar ittifaqı aksiyanın şirkət tarixində ən böyük etirazlardan birinə çevrilə bilər.

Tətil Sietl, Nyu-York, Filadelfiya, Dallas, Ostin və Portlend də daxil olmaqla bir çox şəhərdə keçirilir. Bəzi filiallar bir günlük bağlanıb. Həmkarlar ittifaqı sosial şəbəkələrdə istehlakçıları "Starbucks"dan alış-veriş etməməyə və işçilərə dəstək olmağa çağırıb.

"Starbucks" isə bildirir ki, şirkətdə orta əməkhaqqı saatda 19 dollar təşkil edir və həftədə 20 saatdan çox işləyənlər üçün tibbi sığorta, övlad baxımı üçün ödənişli məzuniyyət və onlayn təhsil imkanları mövcuddur. Həmkarlar ittifaqı isə əksini iddia edərək, bir çox ştatlarda başlanğıc əməkhaqqının 15,25 dollardan yuxarı olmadığını və işçilərin əhəmiyyətli hissəsinin 20 saatdan az çalışdığını bildirir.

Seçilən
40
teleqraf.com

1Mənbələr