AZ

Saakaşvili Zelenskidən xahiş etdi: "Məni əsirlərin siyahısına salın"

Gürcüstanın sabiq prezidenti və Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Ukrayna prezidenti Volodimir Zelenskiyə müraciət edərək onu əsirlərin siyahısına daxil edilməsini və gələcəkdə mübadilə olunmasını istəyib.

BAKU.WS xəbər verir ki, bu barədə Saakaşvili müraciəti zamanı danışıb.

Bir gün əvvəl Gürcüstanın sabiq prezidenti üç ildir saxlanıldığı xəstəxanadan yenidən həbsxanaya köçürülüb. Saakaşvilinin sözlərinə görə, o, vaxtilə məhz həmin müəssisədə ağır metallar vasitəsilə zəhərlənib. Siyasətçi ümid etdiyini vurğulayıb ki, Ukrayna lideri ona yardım edəcək.

Mixail Saakaşvili Ukrayna lideri Volodimir Zelenskiyə müraciət zamanı bunları bildirib:

"Mən Ukrayna vətəndaşıyam və sizin rəhbərliyiniz altında çalışdığım Milli İslahatlar Şurası İcra Komitəsinin sədri olmuşam. Sizdən xahiş etmək istəyirəm ki, 2019-cu ildə məndən qanunsuz olaraq alınmış vətəndaşlığı qaytardığınız kimi, keçmiş Odessa vilayəti qubernatorunu, Milli İslahatlar Şurası İcra Komitəsinin sədrini, Gürcüstan hökuməti tərəfindən qanunsuz saxlanılan şəxsi - bu müharibənin mülki əsirləri siyahısına daxil edəsiniz. Ukraynalılar bir-birini darda qoymur və mən sizə güvənirəm".

12 noyabrda Gürcüstan Ədliyyə Nazirliyinin Xüsusi Penitensiar Xidməti Saakaşvilinin 2022-ci ilin mayından müalicə aldığı klinikadan həbsxanaya köçürüldüyünü açıqlayıb. Siyasətçi Tbilisiyə yaxın Rustavi şəhərində yerləşən №12 saylı penitensiar müəssisəsində cəzasını çəkməyə davam edəcək.

Nazirliyin açıqlamasında bildirilir ki, həkimlər Saakaşvilinin səhhətini qənaətbəxş və stasionar müalicə tələb etməyən kimi qiymətləndirdikdən sonra bu qərar qəbul olunub.

Saakaşvili Gürcüstan sərhədini qanunsuz keçmə və dövlət vəsaitlərinin mənimsənilməsi ittihamları üzrə ümumilikdə 12 il yarım müddətinə məhkum edilib. Onu hələ təqribən doqquz il həbs gözləyir. Yaxın günlərdə "Gürcü Arzusu" Partiyası səkkiz tanınmış müxalif siyasətçiyə, o cümlədən Saakaşviliyə qarşı yeni ittihamlar irəli sürüb. Onun əsas cəza müddətinə əlavə olaraq daha üç il də artırıla bilər.

Seçilən
21
far.az

1Mənbələr