BAKI, 14 noyabr. TELEQRAF
“TRIPP layihəsi (və ya Zəngəzur dəhlizi) üçün Ermənistan-ABŞ birgə müəssisəsi yaradılacaq və strateji əhəmiyyətli məsələlərdə Ermənistanın qərarvermə hüququ olacaq”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
Baş nazir bildirib ki, TRIPP iqtisadi bir proqramdır: “İnsanlar adətən investisiya qoyurlar ki, həm qoyulan məbləği, həm də müəyyən faiz gəliri əldə etsinlər”.
Paşinyana görə, bu layihənin xüsusiyyəti odur ki, tikinti hüququnun müddəti bitdikdən sonra ərazidəki əmlak Ermənistanın mülkiyyətinə keçir, torpaq isə həmişə Ermənistanın mülkiyyətində qalacaq.
O vurğulayıb ki, hazırda yolun keçəcəyi ərazinin icarəsi ilə bağlı iki ssenari müzakirə olunur: 99 illik və 49 illik.