Azpolitika.az saytına istinadən ain.az xəbər verir.
Ötən gecə Ukrayna PUA-larının Rusiyanın Novorossiysk limanına hücumu nəticəsində neft terminalında böyük yanğın baş verib.
“AzPolitika” xəbər verir ki, Ukrayna və Rusiya mənbələrinin məlumatına görə, hədəf Transneft boru kəmərləri üçün son təyinat yeri kimi xidmət edən əsas neft ixrac terminalı olan Şesxaris olub. Bu, Rusiya neft və neft məhsullarının Qara dəniz vasitəsilə ixracı üçün strateji əhəmiyyətli bir mərkəzdir.
Həmçinin bildirilir ki, hücum zamanı limanda olan bir gəmiyə ziyan dəyib və üç heyət üzvü yaralanıb. Dron parçaları şəhərin müxtəlif ərazilərinə düşüb. Bir neçə mənzilə ziyan dəyib.
“Krımskiy Veter” kanalının məlumatına görə isə Ukrayna raketi Novorossiyskdə Kuban Qırmızı Bayraqlı Zenit Raket Alayının 1537 saylı hərbi hissəsinin ərazisindəki S-300/400 raket mövqelərini vurub. Həmçinin, “Kalibr” raket anbarına da zərbə endirildiyi bildirilir.
Bundan əlavə, kanalın mənbələri Çernomortransneft neft terminalına zərbə endirildiyini qeyd edir.
Həmçinin, Rusiyanın Saratov şəhəri də dron hücumuna məruz qalıb. Yerli sakinlər bildiriblər ki, hədəf yerli neft emalı zavodu olub. Saratov vilayətinin qubernatoru yazıb ki, "dron hücumu nəticəsində mülki infrastruktura ziyan dəyib".
Rusiya Müdafiə Nazirliyi isə bildirib ki, hava hücumundan müdafiə qüvvələri gecə ərzində 216 pilotsuz təyyarəni vurub, bunlardan 66-sı Krasnodar diyarı üzərində, 45-i Saratov vilayəti üzərində və 19-u ilhaq edilmiş Krım üzərində olub.
Qeyd edək ki, son günlər Ukrayna mediası Ukrayna qüvvələrinin “Flaminqo” raketlərindən istifadə etməyə başladığını yazıb və bu barədə videogörüntülər paylaşıb.
“AzPolitika.info”
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.