AZ

“Tramp yolu” Paşinyanı qələbəyə aparacaq?

“Tramp

Baş nazir Nikol Paşinyanın sözlərinə görə, Ermənistanda Tramp yolunun tikintisi 2026-cı ilin ikinci yarısında başlaya bilər. Müxalifət Paşinyanın qarşısını almağa çalışır, lakin o, layihəni özünün “Vətəndaş müqaviləsi” seçki platformasının arxasında duran hərəkətverici qüvvəyə çevirmək niyyətindədir.

Reyting.az
xəbər verir ki, bu barədə “Nezavisimaya qazeta” yazıb.

Rusiya nəşrinin təhlilində qeyd olunur:

Paşinyan bəyan edib ki, “Tramp Marşrutu” (TRIPP) layihəsinin həyata keçirilməsi üçün müfəssəl plan 2025-ci ilin sonuna qədər hazırlanmalıdır. Podratçılarla danışıqlar oktyabrda başlayıb. Layihə işçi qrupunun və infrastrukturun inkişafı konsorsiumunun formalaşdırılması mərhələsinə qədəm qoyub. İş planı 2026-cı ilin birinci yarısında bütün maraqlı tərəflərlə razılaşdırılmalı, ikinci yarıda tikintiyə başlanmalıdır.

Baş nazir qeyd edib ki, ABŞ prezidenti Donald Trampın komandası, o cümlədən Yaxın Şərqdəki digər layihələrlə həddən artıq yüklənib, ona görə də son tarixləri qaçırmamaq üçün hər şeyi etmək lazımdır.

Xatırladaq ki, “Tramp yolu” layihəsi Ermənistanın Bakıdan Naxçıvana marşrutun çəkiləcəyi 99 illik torpaq sahəsini ABŞ-a icarəyə verməsini nəzərdə tutur. Əvvəllər Azərbaycan hakimiyyəti bu marşrutu “Zəngəzur dəhlizi”, Ermənistan hakimiyyəti isə “Meğri yolu” adlandırırdı.

Paşinyan bundan özünün “Sülh kəsişməsi” təşəbbüsünü həyata keçirmək üçün istifadə edəcəyinə ümid edir, Azərbaycan prezidenti İlham Əliyev isə öz anklavına birbaşa çıxış istəyir. ABŞ hakimiyyət orqanları regionda təhlükəsizliyin təmin edilməsinə və Bakı ilə İrəvan arasında əməkdaşlığın qurulmasına kömək edəcək vasitəçilər və sülhməramlılar kimi çıxış etdiklərini iddia edirlər.

"Hazırda biz qrafikə uyğun işləyirik. Əminliklə deyə bilərəm ki, dəmir yolu sovet dövründən qalan dəmir yolunun yerində tikiləcək, çünki bunu başqa cür etmək mümkün deyil. Qaz kəməri və elektrik şəbəkələri daha şimalda yerləşəcək, lakin hələ dəqiq deyə bilmərəm ki, onlar Sünik bölgəsində, yoxsa qismən də Vayots Dzorda olacaq. Bu, bir çox amillərdən asılıdır. Biz Şimal-Cənub magistralını tikirik və Şərq-Qərb magistralı böyük ehtimalla Şimal-Cənub magistralı ilə birləşdiriləcək”, - Paşinyan bildirib.

Eyni zamanda, hökumət başçısı vurğulayıb ki, “Tramp yolu” avqustun 8-də Vaşinqtonda razılaşdırılan Azərbaycan üçün məqbul şərtlər əsasında fəaliyyət göstərəcək: "Biz Bakı üçün məqbul şərtlərlə bağlı sənəd imzaladıq. Bu şərtlərin nə olduğu Ermənistan və Azərbaycan liderlərinin imzaladığı sənəddə öz əksini tapıb: ərazi bütövlüyü, suverenliyi, legitimliyi, sərhədin qanuniliyi".

Ermənistan baş nazirinin müavini və Ermənistan Delimitasiyası Komissiyasının rəhbəri Mqer Qriqoryan “Tramp yolu”nun tikintisini sürətləndirmək üçün tərəflərin Sünik bölgəsində sərhədin təsdiqini sürətləndirə biləcəyini istisna etməyib. “Hətta layihələndirmə işlərinə başlamaq üçün bizə işçi baza lazımdır... Ola bilsin ki, TRIPP-in infrastrukturunun inkişafını asanlaşdırmaq üçün proses zamanı əlavə delimitasiya bölmələri olsun”, - Qriqoryan bildirib.

Maraqlıdır ki, davam edən əməkdaşlığın bir hissəsi kimi Bakı İrəvan üzərindəki iqtisadi blokadanı ən azı qismən aradan qaldırıb. Konkret olaraq Ermənistan Azərbaycan üzərindən Qazaxıstan və Rusiyadan taxıl qəbul etməyə başlayıb. Hazırda bu, bir neçə min ton təşkil edir, lakin Astana tədarükü ayda 20 min tona çatdırmağa hazırdır. Moskva, öz növbəsində, İrəvanı xaricdən aldığı taxılın demək olar ki, hamısını (təxminən 450-500 min ton) təmin edib, lakin onu Gürcüstandan keçirib. Bu fonda Paşinyan bəyan edib ki, Ermənistan Rusiya buğdasından heç vaxt imtina etməyəcək, lakin maliyyə baxımından daha cəlbedici olsa, digər təklifləri nəzərdən keçirməyə hazırdır.

Paşinyan “Tramp yolu”nu şəxsi layihəsi edib və bununla 2026-cı ilin iyununda parlamentə namizəd olmaq niyyətindədir. Lakin qeyd etmək lazımdır ki, o, Ermənistanda analoji bir şeyi həyata keçirə bilən yeganə siyasətçidir. Əgər müxalifət qalib gəlsə, tikinti aparılmayacaq. "TRİPP-nin istismara verilməsinə gəlincə, konkret müddət haqqında danışmaq hələ tezdir, lakin Paşinyan prosesi sürətləndirmək üçün mümkün olan hər şeyi edəcək", - politoloq Qrant Mikaelyan NG-yə bildirib.

Eyni zamanda ekspert qeyd edib ki, Ermənistan ərazisinin bir hissəsinin konkret olaraq kimin 99 il müddətinə icarəyə verəcəyi, hansı şərtlərlə, marşrut boyu təhlükəsizliyin kim tərəfindən təmin ediləcəyi və sairə hələ də bəlli deyil. Amma Paşinyan artıq mürəkkəb məsələləri bir imza və ya şifahi razılaşma ilə həll etmək təcrübəsinə malikdir.

Bununla belə, TRIPP heç vaxt həyata keçməyə də bilər. Erməni müxalifət mediası iddia edir ki, ABŞ prezidentinin oğlu kiçik Donald Tramp atasının adını daşıyan layihə ilə bağlı məsələləri müzakirə etmək üçün İrəvana səfər etməyi planlaşdırsa da, Paşinyanın əleyhdarları guya səfəri poza biliblər. Konkret olaraq, rüsvay olmuş oliqarx Samvel Karapetyanın qardaşı oğlu Narek Taker Karlsona müsahibə verib və o, hökumətin Erməni Apostol Kilsəsinə hücumlarından danışıb, ondan sonra respublikaçının fikrindən daşındığı iddia edilib.

Paşinyanın iddiasına görə, onun hökuməti oğul-Trampın gözlənilən səfəri, nəinki onun ləğvi barədə heç nə bilmir. "Biz bu barədə heç vaxt heç nə deməmişik. Bunu kim elan edibsə, izah etməlidir", - hökumət başçısı bildirib.

Digər tərəfdən, sentyabrın 11-də ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə bürosunun rəhbəri Brendan Hanrahan Qriqoryanla görüşü zamanı İrəvanın TRİPP-in həyata keçirilməsi üçün 145 milyon dollar alacağını açıqlayıb. Onun sözlərinə görə, bu, layihənin maliyyələşdirilməsinin yalnız birinci tranşıdır.

Y. QACAR
Seçilən
15
2
reyting.az

3Mənbələr