AZ

Baş nazir: Kopenhagendə Əliyevlə qaz kəmərinin tikintisini müzakirə etmişik

Kopenhagen görüşü zamanı Ermənistan və Azərbaycan liderləri “Tramp marşrutu” üzrə ilk növbədə elektrik ötürücü xətləri ilə qaz kəmərinin tikintisini müzakirə ediblər.

"Yeni Sabah" sputnik-armenia-ya istinadla xəbər verir ki, bunu  Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

Onun sözlərinə görə, tərəflər ilkin olaraq məhz bu infrastrukturların daha tez reallaşdırıla biləcəyi barədə müəyyən anlaşmaya gəliblər.

“Gizlətməyəcəyəm, Kopenhagendə Azərbaycan Prezidenti ilə bu məsələni müzakirə etdik və ilkin olaraq belə qənaətə gəldik ki, ən operativ şəkildə elektrik xətlərinin və qaz kəmərinin tikintisini həyata keçirmək mümkündür”, - Paşinyan qeyd edib.

Baş nazir əlavə edib ki, növbəti müzakirələr layihənin konturlarını daha da dəqiqləşdirəcək və ümumilikdə layihənin icrasına maneə görmür.

Xatırladaq ki, bu il oktyabrın 2-də Kopenhagendə “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısı çərçivəsində Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü olub.

Görüşdə tərəflər ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə keçirilmiş Vaşinqton Sülh Sammitində əldə olunan razılaşmaların əhəmiyyətini vurğulayıblar. Onlar Ermənistan və Azərbaycan arasında sülhün daha da möhkəmləndirilməsi istiqamətində səy göstərməyə hazır olduqlarını bir daha təsdiq ediblər.

Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri regionda nəqliyyat kommunikasiyalarının faydalarını vurğulayıblar, Azərbaycan ərazisində infrastrukturun inkişafı ilə bağlı cari işlərin gedişatı və Ermənistan ərazisində TRIPP layihəsini müzakirə ediblər, Vaşinqton Bəyannaməsinin icrası ilə bağlı fikir mübadiləsi aparıblar.

Tərəflər bu xüsusda ATƏT-in Minsk prosesinin və onunla əlaqəli strukturların ləğv olunması ilə bağlı yekdilliklə qəbul edilmiş qərarı alqışlayıblar.

Görüşdə tərəflər etimad quruculuğu tədbirlərinin bundan sonra da həyata keçirilməsinin vacibliyini vurğulayıb və təmasları davam etdirmək barədə razılığa gəliblər.


Telegram kanalımız
Seçilən
15
10
yenisabah.az

10Mənbələr