AZ

Azərbaycan və Ermənistan liderləri Kopenhagendə qaz kəmərinin tikintisini müzakirə edib

Kopenhagen görüşü zamanı Ermənistan və Azərbaycan liderləri “Tramp marşrutu” üzrə ilk növbədə elektrik ötürücü xətləri ilə qaz kəmərinin tikintisini müzakirə ediblər.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda keçirilən konfransda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, tərəflər ilkin olaraq məhz bu infrastrukturların daha tez reallaşdırıla biləcəyi barədə müəyyən anlaşmaya gəliblər.

“Gizlətməyəcəyəm, Kopenhagendə Azərbaycan Prezidenti ilə bu məsələni müzakirə etdik və ilkin olaraq belə qənaətə gəldik ki, ən operativ şəkildə elektrik xətlərinin və qaz kəmərinin tikintisini həyata keçirmək mümkündür”, - Paşinyan qeyd edib.

Baş nazir əlavə edib ki, növbəti müzakirələr layihənin konturlarını daha da dəqiqləşdirəcək və ümumilikdə layihənin icrasına maneə görmür.

Qeyd edək ki, bu il oktyabrın 2-də Kopenhagendə “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısı çərçivəsində Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü olub.

Görüşdə tərəflər ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə keçirilmiş Vaşinqton Sülh Sammitində əldə olunan razılaşmaların əhəmiyyətini vurğulayıblar. Onlar Ermənistan və Azərbaycan arasında sülhün daha da möhkəmləndirilməsi istiqamətində səy göstərməyə hazır olduqlarını bir daha təsdiq ediblər.

Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri regionda nəqliyyat kommunikasiyalarının faydalarını vurğulayıblar, Azərbaycan ərazisində infrastrukturun inkişafı ilə bağlı cari işlərin gedişatı və Ermənistan ərazisində TRIPP layihəsini müzakirə ediblər, Vaşinqton Bəyannaməsinin icrası ilə bağlı fikir mübadiləsi aparıblar.

Tərəflər bu xüsusda ATƏT-in Minsk prosesinin və onunla əlaqəli strukturların ləğv olunması ilə bağlı yekdilliklə qəbul edilmiş qərarı alqışlayıblar.

Görüşdə tərəflər etimad quruculuğu tədbirlərinin bundan sonra da həyata keçirilməsinin vacibliyini vurğulayıb və təmasları davam etdirmək barədə razılığa gəliblər.

Seçilən
15
10
bakivaxti.az

10Mənbələr