AZ

İnfrastruktur, investisiya, yoxsa kadr hazırlığı? MÖVQE

Sia Az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Cənab Prezident İlham Əliyev Milli Elmlər Akademiyasında çıxışında ölkə qarşısında duran bir sıra önəmli məsələləri ictimaiyyətin diqqətinə çatdırdı. Bunlardan biri də sürətli və dayanıqlı iqtisadi artım məsələləridir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Samir Heydərov deyib.

Samir Heydərov sözlərinə belə davam edib: "Azərbaycanda regionların iqtisadi potensialı çox böyükdür. Bu baxımdan regionların iqtisadi potensialının aktivləşdirilməsi iqtisadi artıma böyük təsir göstərə bilər. Azərbaycanda regionların iqtisadi potensialının aktivləşdirilməsi istiqamətində son illərdə genişmiqyaslı dövlət proqramları və islahatlar həyata keçirilib. Azərbaycan hökuməti 2004-cü ildən bəri ardıcıl olaraq dörd “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” qəbul edib.

Sonuncu proqram 2019–2023-cü illəri əhatə edirdi. Bu proqramlar nəticəsində yüzlərlə sənaye müəssisəsi, kənd təsərrüfatı kompleksi, yol, su və enerji infrastrukturu qurulub. Azərbaycanda regionların iqtisadi potensialının artırılması üçün xeyli iş görülüb, amma tam potensialın reallaşması üçün hələ də əlavə addımlar atılmalıdır. Birinci, regionlarda iqtisadi ixtisaslaşmanın dərinləşdirilməsi prosesi davam etdirilməlidir. İkincisi, universitet–biznes əməkdaşlığı gücləndirilməlidir. Üçüncüsü, insan kapitalına daha çox sərmayə qoyulmalıdır. Gənclər üçün praktiki təcrübə proqramları tətbiq olunmalıdır. Məsələn, gənc sahibkar və gənc fermer layihələri genişləndirilməlidir. Dördüncüsü, nəqliyyat və logistika infrastrukturu genişləndirilməlidir. Kiçik şəhər və kəndlərin böyük ticarət mərkəzlərinə və limanlara çıxışı asanlaşdırılmalıdır. Logistika mərkəzləri və əlavə anbar komplekslərinin tikintisi regional ixracı artırmaq üçün vacibdir. Beşincisi, investisiya mühiti daha da yaxşılaşdırılmalıdır. Regionlara yönələn xarici investorlar üçün vergi və torpaq güzəştləri artırılmalıdır. Yerli investorlar üçün dövlət zəmanətli kreditlər yaradılmalıdır. İnvestorların qarşılaşdığı bürokratik əngəllər aradan qaldırılmalıdır. Altıncısı, kənd təsərrüfatında modernləşmə həyata keçirilməlidir. Suvarma sistemləri tam yenilənməlidir. Damcı suvarma sistemi və torpaq bərpası geniş tətbiq edilməlidir. Fermer birlikləri təşviq edilməli və gücləndirilməli, onların məhsulunun bazara çıxışı asanlaşdırılmalıdır. Yerli məhsulların emalı və qablaşdırılması regionlarda təşkil olunmalıdır. Yeddincisi, turizmin regional şaxələndirilməsi təmin edilməlidir. Ekoturizm və kənd turizmi inkişaf etdirilməlidir ki, yerli əhali bu sahədən gəlir əldə etsin. Səkkizincisi, idarəetmədə şəffaflıq və koordinasiya təmin edilməlidir. Burada vahid məlumat bazası və monitorinq sistemi qurulmalıdır. Yerli icra orqanlarının qərarvermə səlahiyyətləri artırılmalı və ictimai iştirakçılıq mexanizmləri gücləndirilməlidir. Nəticə olaraq, bu addımların həyata keçirilməsi şəraitində ölkədə iş yerləri artar, qeyri-neft ixracı genişlənər və ölkə bərabər, dayanıqlı inkişaf modelinə uyğun olaraq iqtisadi artımını sürətləndirər.

İqtisadi artım modellərinə gəldikdə isə müasir iqtisadi nəzəriyyədə Harrod–Domar modeli mövcuddur və bu modelə görə investisiya həlledici amildir, yəni iqtisadi artımın mühərrikidir. İnvestisiya artmasa, iqtisadi artım yavaşlayacaq. Regionlarda iqtisadi artımı təmin etmək üçün davamlı və məqsədli investisiya axını lazımdır. Burada da dövlət proqramları çərçivəsində tikilən sənaye parkları, texnoparklar və infrastruktur layihələri bu modelin tələb etdiyi investisiya mühərrikini təmin edir. Kapitalın məhsuldarlığı artırılmalıdır. İnvestisiya yalnız səmərəli istifadə olunduqda dayanıqlı artım verir. Yəni təkcə pulla deyil, həm də texnologiya, idarəetmə və təhsil səviyyəsi ilə kapitalın “gəlir gətirmə gücü” artırılmalıdır.

Yığım səviyyəsi yüksəldilməlidir. Əhali və dövlət az yığım edirsə, investisiya bazası zəifləyir. Buna görə kommersiya banklarının əhəmiyyəti böyükdür. Bank depozitləri və biznes gəlirləri artmasa, inkişaf uzunmüddətli ola bilməz. Azərbaycanda maliyyə bazarlarının dərinləşdirilməsi və investisiya alətlərinin genişləndirilməsi vacibdir. Modelə görə iqtisadi artım kövrək balanslıdır: ya sürətlənir, ya da dayanır. Buna görə iqtisadi artımın sabit saxlanması üçün dövlətin rolu vacibdir. Dövlətin fiskal və investisiya siyasəti iqtisadi artımın dayanıqlığını təmin edə bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
1
sia.az

2Mənbələr