AZ

Təhsilin ən “peşəkar” üzü Peşə təhsilində nələr dəyişməli? TƏHLİL

Modern.az saytına istinadən ain.az xəbər verir.

Təhsilin əməkli tərəfi

Peşə təhsili əmək bazarının tələblərinə uyğun olaraq müxtəlif təhsil proqramları üzrə tədris prosesini təşkil edən, istehsalatın tələb və təklifinə əsasən kadr hazırlama funksiyasını həyata keçirən mexanizmdir. Hazırkı dövrdə peşə təhsilinin yerli əmək bazarının inkişafına təkan verən əsas amillərdən biri olması danılmazdır. Keyfiyyətli peşə təhsili fərdin peşəkar sahədə elmi-texnoloji biliklərini genişləndirmək, mütəxəssis kimi formalaşmasına təkan verməklə yanaşı, onun əmək bazarında yerinin müəyyənləşdirməsinə də ciddi təsir göstərir. 

Dövlət səviyyəsində peşə təhsilinin inkişafına istiqamətlənmiş tədbirlər əhalinin fəal hissəsinə yerli və beynəlxalq əmək bazarında dəyişikliklərə sürətlə reaksiya vermək imkanı yaradır. XXI əsrin çağırış və trendlərinə müvafiq olaraq təhsil sahəsində islahatlar çərçivəsində peşə təhsilinin müasirləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirilməsi “peşə təhsili-iş dünyası” əlaqələsinin daha səmərəli şəkildə həyata keçirilməsində müstəsna rol oynayır. Peşə tədrisi prosesində yüksək texnologiyaların tətbiqi çağdaş dünyanın təhsil çağırışı olmaqla yanaşı, həm də indinin və gələcəyin əsas tələbi kimi dəyərləndirilir. Təhsildə bu çağırışın əsas səbəbi gələcəkdə əmək məhsuldarlığının daha da yüksəldilməsi, peşə təhsilində tədris olunan bir çox ixtisaslarda yüksək texnoloji biliklərin də tutacağı prioritet mövqedir. 

Azərbaycanda peşə təhsilinin inkişaf etdirilməsi prioritet istiqamət kimi müəyyən olunub. Bu sahədə peşəkar tədris prosesinin qurulması, əmək bazarının, o cümlədən, işəgötürənlərin tələbatlarına uyğun ixtisaslar üzrə kadr hazırlığının təmin olunması qarşıda duran əsas vəzifələrdən biridir. Ölkəmizdə peşə təhsili sisteminin quruluşu, peşə təhsili müəssisələrinin növləri və təhsil müddəti “Peşə təhsili haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müəyyənləşib. Adıçəkilən sənədə əsasən, peşə təhsilinin səviyyələri və növləri aşağıdakı kimi təsnifatlandırılıb: ilk peşə təhsili; texniki peşə təhsili; orta peşə təhsili.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 9 mart 72 nömrəli qərarına əsasən təsdiq olunan “Peşə təhsili müəssisələrində texniki peşə təhsili səviyyəsi üzrə tədrisin təşkili sistemi ilə bağlı Qaydası” peşə təhsilində yeni bir mərhələnin əsasını qoymaqla yanaşı, onun əmək bazarındakı mövqeyini də gücləndirmiş oldu. Yüksək texniki peşə təhsilində akademik borcu olmayan tələbəyə gələcək peşə fəaliyyətində istifadə etmək və bu Qaydanın 3.2.6-cı yarımbəndinin tələblərinə uyğun ödənişli əsaslarla ixtisasların modullarını (fənlərini) qeyd etmək hüququ verilir. Bu Qayda ilə əlavə təhsil alanlara həmin ixtisas üzrə subbakalavr peşə-ixtisas və zəruri diplom verilir.

Danışan rəqəmlər

2024/2025-ci tədris ili üzrə tələbə qəbulu 84 peşə təhsili müəssisəsində 136 ixtisas üzrə aparılıb. İlk dəfə olaraq bu il Naxçıvan Muxtar Respublikasında tələbə qəbulu elektron şəkildə həyata keçirilib və 453 nəfər qəbul olub. Bu il peşə təhsili müəssisələrinə qəbul olanların 36%-ni qadınlar təşkil edir. Müraciət edənlərin orta yaşı 22, ən aşağı yaş 14, ən yüksək yaş isə 69 olub. Dual peşə təhsili proqramı üzrə 1247 nəfər, yüksək texniki peşə təhsili səviyyəsi üzrə isə 2453 nəfər qəbul olunub. Həmçinin, 74 nəfər ali təhsilli, 244 nəfər orta ixtisas təhsilli şəxs, 66 nəfər xarici vətəndaş peşə təhsili müəssisələrinə qəbul olunub.

Yeni tədris ilində peşə təhsilində 9 yeni ixtisas tədris olunub. Bunlar pilotsuz uçuş aparatlarının texniki xidməti və təmiri üzrə texnik, kargüzarlıq və ofis xidmətləri üzrə mütəxəssis, qida və içki üzrə mütəxəssis, elektrik və hibrid avtomobillərin təmiri, nəqliyyat sistemlərinin texniki istismarı (hava nəqliyyatı üzrə), alternativ enerji qurğu və avadanlıqlarının istismarı, günəş panelləri quraşdırıcısı və təmirçisi, tibbi avadanlıqların təmiri və xidməti, elektromexaniki suvarma maşınları və nasos qurğuları maşinisti ixtisaslarıdır.

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 869 nömrəli Fərmanı ilə yaradılmış Peşə Təhsili üzrə Dövlət Agentliyinin verdiyi rəsmi məlumata əsasən, ötən tədris ilində peşə təhsili müəssisələrindən məzun olan tələbələrdən 20 faizi məzun olmadan işlə təmin edilib. Bu, müsbət trenddir. Ötən tədris ilində məzun olan 13 mindən çox şəxsdən təxminən 3000-nə yaxını işlə təmin olunub. Onların da 70 faizi oğlanlardır.

Fəaliyyətini əsasən peşə təhsili-əmək bazarı əlaqəsinin inkişaf mexanizmi üzərində quran Peşə Təhsili üzrə Dövlət Agentliyi sırf bu istiqamətdə müxtəlif layihələrə imza atıb. Həmin layihələrdən biri də “Təməl” platformasıdır. Bu platforma peşə təhsili müəssisələri ilə işəgötürənlər arasında daimi və ardıcıl şəkildə əməkdaşlıq münasibətlərinin qurulması və bu münasibətlərin daha da genişləndirilməsinin təmin edilməsi, işəgötürənlər tərəfindən PTM məzunlarının işlə təmin olunmasında marağın artırılması məqsədilə yaradılıb.

Nələr dəyişməli və daha da inkişaf etməlidir?

Peşə təhsili və onun əmək bazarındakı mövqeyini inkişaf etdirmək üçün ilk növbədə bu istiqamətdə təbliğat-təşviqat işlərinin mütəmadi olaraq aparılması və intensivləşdirilməsi arzu olunur. Hazırda ölkədə fəaliyyət göstərən bir çox peşə tədrisi müəssisələri əmək bazarının tələblərinə yüksək səviyyədə cavab versə də və praktikiliyinə görə fərqlənsə də, yenə də nüfuz və mövqe, insanların seçimi baxımından ali təhsil müəssisələri, hətta kolleclərə belə uduzur. Bu istiqamətdə Elm və Təhsil Nazirliyinin, həmçinin onun tabeliyində olan Peşə Təhsili üzrə Dövlət Agentliyinin (PTDA) ayrıca təbliğat strategiyasının hazırlaması və böyük auditoriyalarda təbliğatın daha intensiv şəkildə aparılması çox faydalıdır.

Peşə təhsili müəssisələrində tədrisin keyfiyyəti ilə yanaşı, müxtəlif ixtisaslara aid dərsliklər və kadr problemləri əvvəlki illərə nisbətdə xeyli dərəcədə aradan qaldırılıb. Lakin yenə də peşə təhsili müəssisələri üçün hazırlanan dərsliklərin keyfiyyəti ilə bağlı ayrıca monitorinqlərin aparılması və həmin vəsaitlərin nəzəri-praktiki aspektdən yetərliliyinin xüsusi komissiya tərəfindən yoxlanılması çox vacibdir. Peşə təhsil müəssisələrində tədris olunan yüzdən çox ixtisaslarla bağlı dərsliklərin kəmiyyət və keyfiyyəti təəssüf ki, kölgədə qalmış məsələlərdəndir. 

Orta ümumtəhsil məktəbləri və məktəbəqədər tədris müəssisələrində olduğu kimi peşə təhsili müəssisələrinə də müəllim və ixtisas təlimi ustalarının işəqəbulu xüsusi müsabiqə yolu ilə aparılır. Lakin peşə təhsili müəssisələrinə olan işəqəbul imtahanlarının təhsil sferasında sanki kölgədə qalması, ümumiyyətlə, müzakirə obyektinə çevrilməməsi xüsusi diqqət çəkir. Peşə təhsili müəssisələrinə müəllim, ixtisas təlimi ustaları, eləcə də digər kadrların maraqlarının artırılması və prosesin daha intensiv, rəqabətli meyarlarla həyata keçirilməsi üçün zəruri addımların atılması çox vacibdir. Aidiyyatı agentlik (PTDA) bu istiqamətdə xüsusi fəaliyyət proqramı hazırlaya və onun əsasında adıçəkilən məsələ ilə yanaşı, bir çox detalları da izləyə bilər. 

Yerli peşə təhsili seqmentində ümumi profilli peşə təhsili müəssisələri ilə yanaşı, konkret profil, yalnız bir sahə üzrə məhdudlaşmış ayrıca peşə təhsili müəssisələrinin yoxluğu böyük təəssüf doğurur. Doğrudur, bizdə peşə təhsili seqmenti son illərdə inkişaf etməyə, öz statusunu gücləndirməyə başlayıb. Amma konkret profilli peşə tədris mərkəzinin varlığı peşə təhsilinə marağı həddindən artıq dərəcədə artıra biləcək. 

Məsələn, xarici ölkə nümunələrində olduğu kimi daha çox tibb profilli və İT, kompüter texnologiyaları istiqamətində ayrıca peşə məktəbi və mərkəzlərinin olması peşə təhsilinin əmək bazarına təsiri mexanizmini də xeyli dəyişə bilər. 

Peşə təhsili müəssisələrində oxuyan tələbələrə verilən təqaüdlərin artırılması bu seqmentə olan marağı hədsiz yüksəldə bilər. Hazırda bu tipli tədris müəssisələrində tələbələrin 80%-dən yuxarı hissəsi 75-50 AZN aralığında təqaüd alırlar. Təqaüd miqdarı tələbənin tədris göstəricilərinə görə fərqlənir. 

Lakin qarşıdakı illərdə peşə təhsili müəssisələrində tələbələrin təqaüd alma mexanizmlərinin yaxşılaşdırılması bu istiqamətdə maraq və axını daha da artıra biləcəkdir. 

Ən vacib məsələlərdən biri-peşə təhsili müəssisələrinin sahib olduqları texniki baza və infrastrukturun gücləndirilməsi və əmək bazarının çağdaş tələblərinə daha yaxşı cavab vermələri üçün zəruri addımların atılması prosesi sürətlə getsə də, bu prosesdə əhatəlilik daha da artmalıdır. Məsələn, paytaxtda fəaliyyət göstərən və yüksək infrastruktura malik olan peşə təhsil mərkəzi ilə yanaşı, bölgələrdəki peşə liseyləri də zəruri avadanlıqlarla təmin edilməlidir. 

Peşə təhsili müəssisələrinə marağı daha da artıracaq ən vacib məsələlərdən biri də burada axşam dərslərinin, axşam növbələrinin yaradılmasıdır. 

Çünki bu tədris müəssisələrində oxuyub, konkret istisası öyrənmək istəyənlərin bir çoxu hazırda digər sahələrdə çalışır və iş yerlərini tərk etmək məcburiyyəti ilə üzləşirlər. Onları nəzərə alaraq peşə təhsili müəssisələrində axşam dərslərinin formalaşdırılmasını çox vacib və faydalı hesab edə bilərik. Təkcə bu qərar hər hansı peşəyə sahiblənmək istəyən neçə-neçə şəxsə çoxdan gözlədiyi fürsəti yarada bilər. 

Həmçinin, təkcə bəlli sayda yox, yüksək texniki peşə səviyyəsi üzrə tədrisin aparıldığı bütün ixtisaslarda oxuyan tələbələr üçün Təhsil Tələbə Kredit Fondunun həyata keçirdiyi standart və sosial tələbə kreditlərinin tətbiqinə ciddi ehtiyac var. 

Ümumiyyətlə, qarşıdakı illərdə səviyyəsindən asılı olmayaraq bütün növ peşə təhsili müəssisələrində tələbə kreditlərinin verilməsi bu təhsil növünə olan maraq və münasibəti müsbət istiqamətə xeyli dəyişə bilər. 

Elmin Nuri

Təhsil məsələləri üzrə tədqiqatçı

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
2
modern.az

10Mənbələr