AZ

Zəngəzur dəhlizi açılır? – Paşinyandan seçki sonrası kritik addım gözlənilir

Regionda geosiyasi dinamika yenidən sürətlənir və Cənubi Qafqazda kommunikasiyaların açılması məsələsi böyük güclərin maraq dairəsinə daxil olub. Ermənistan daxilində siyasi proseslərin kəskinləşməsi, ABŞ-ın yeni administrasiyasının sərgilədiyi xətt və Azərbaycanın regional nəqliyyat layihələrində artan rolu Zəngəzur dəhlizi ətrafında real hərəkətlənmənin yaxınlaşdığını göstərir. Ekspertlər hesab edir ki, proseslərin mərhələli şəkildə irəliləməsi həm Bakı, həm də İrəvan üçün yeni siyasi öhdəliklər formalaşdırır.

Beynəlxalq münasibətlər üzrə şərhçi Cavanşir Abbaslı Editor.az-a açıqlamasında bildirib ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı İrəvanın konkret addımları gələn ilin yayında Ermənistanda keçiriləcək parlament seçkilərindən sonra gözlənilir.

 

Onun sözlərinə görə, həmin vaxta qədər Azərbaycan öz ərazisindən keçəcək hissənin tam olaraq hazır olmasını təmin edəcək:

“Bu müddətdə məsələ Ermənistanın üzərinə düşən öhdəliklərin icrasına qalacaq. Fikrimcə, seçkilərdən sonra burada ciddi maneə yaranmayacaq. Çünki Tramp administrasiyası bu dəhlizin açılmasında açıq şəkildə maraqlı olduğunu nümayiş etdirib. “Tramp marşrutu” ifadəsinin ortaya çıxması təsadüfi deyil və bunu Paşinyan da yaxşı anlayır. Regionda nəqliyyat-kommunikasiya xəttinin açılması artıq qaçılmazdır və bu, çox qısa müddətdə baş verəcək”.

Ekspert bildirir ki, Ermənistan bu proyektdə iştirakdan ciddi fayda əldə edəcəyinin fərqindədir:

“Paşinyan anlayır ki, ölkəsinin iqtisadi və siyasi gələcəyi Türkiyə və Azərbaycanla normallaşmadan keçir. 2020-ci ildəki reallıqlar, “Dəmir Yumruq” amili bunu çox aydın göstərdi. Paşinyanın rəqibləri olan revanşist qüvvələr bu gün kifayət qədər güclü deyil və onun hakimiyyətdən kənarlaşdırılması real görünmür. Bu səbəbdən seçkiləri də böyük ehtimalla Paşinyan qazanacaq”.

Cavanşir Abbaslının sözlərinə görə, Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı öhdəliklərini yerinə yetirməsi həm də Vaşinqtona verilmiş siyasi təminatlarla bağlıdır:

“Paşinyan 8 avqustda Ağ Evdə parafladığı sənədlərlə müəyyən zəmanətlər verib. Bu öhdəlikləri pozmaq onun üçün siyasi riskdir, həm ABŞ-ı itirə bilər, həm də artıq müəyyən mənada arxasını çevirdiyi Rusiyanın təzyiqi ilə üzləşə bilər. Buna cürət etməyəcək”.

Ekspert regiondakı vəziyyətə nikbin yanaşaraq bildirib ki, prosesin həlledici mərhələsi qarşıdan gələn yayda başlayacaq: “Sadəcə səbrli olmaq və Ermənistandakı seçkilərin nəticələrini gözləmək lazımdır. Layihənin gələcəyi ümidvericidir”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
20
editor.az

1Mənbələr