AZ

Polşa Prezidenti Kommunist Partiyasının qadağan olunmasını istəyir

Polşa Prezidenti Karol Navroçkinin Kommunist Partiyasının (KPP) qadağan olunması üçün Konstitusiya Məhkəməsinə müraciət edib. 

"Cebheinfo.az" xəbər verir ki, Polşanın ictimai yayımçısı “TVP World”-un xəbərinə görə, Prezident Navroçki KPP-nin keçmiş kommunist rejimlə əlaqəli totalitar tətbiqləri təşviq edərək Konstitusiyanı pozduğunu iddia edib. 

Konstitusiya Məhkəməsinə təqdim olunan müraciətdə 2002-ci ildə rəsmi olaraq siyasi partiya kimi qeydiyyata alınan KPP-nin “1945–1989-cu illər arasında ölkəni idarə edən kommunist sistemin elementlərini təşviq etməklə Polşa Konstitusiyasını pozduğu” irəli sürülüb. Müraciətdə KPP-nin məqsəd və fəaliyyətlərinin “kommunizmin totalitar metod və tətbiqlərini” ehtiva etdiyi və “hakimiyyəti ələ keçirmək və dövlət siyasətinə təsir etmək üçün zorakılıqdan istifadə etməyi nəzərdə tutduğu” iddia olunub. 

Keçmiş ədliyyə naziri Zbiqnev Zobro da 2020-ci ildə Konstitusiya Məhkəməsinə oxşar bir müraciət etmişdi, lakin Zobronun məhkəmə iclasına qatılmaması səbəbilə iş qeyri-müəyyən müddətə təxirə salınmışdı. KPP həmin dövrdə Zobronun müraciəti ilə bağlı verdiyi açıqlamada iddiaları rədd etmişdi. Partiyanın açıqlamasında o dövrün hökumətinin partiyaya “əvvəlki sistemin səhvlərini haqsız yerə yüklədiyi” vurğulanaraq, “Bütün arqumentlər yalnız tarixi dəyərləndirmələrə əsaslanır və müasir KPP-ni, kommunizm deyil, sosializmi tətbiq etməyə çalışan keçmiş sistemin bütün səhvlərinə görə məsul tutmağa yönəlmiş bir cəhddir” ifadəsi yer almışdı. 

Polşadakı “Siyasi partiyalar haqqında” Qanuna görə, Konstitusiya Məhkəməsi bir siyasi partiyanın məqsəd və fəaliyyətlərinin Konstitusiyaya zidd olduğuna qərar verərsə, həmin partiyanı milli reyestrdən silmək öhdəliyi daşıyır. 

Seçilən
20
cebheinfo.az

1Mənbələr