AZ

“Bu cür görüşlər dövlət idarəçiliyində şəffaflığı artırır” - ŞƏRH OLUNDU

“Noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti tərəfindən yeni təyin olunmuş səlahiyyətli nümayəndənin və bir sıra rayonların icra hakimiyyəti başçılarının qəbulu ölkənin idarəetmə sistemində mühüm siyasi hadisə kimi qiymətləndirilə bilər. Prezidentin bu görüşdə səsləndirdiyi çıxış, həm dövlət məmurları, həm də bütövlükdə cəmiyyət üçün strateji mesajlar ehtiva edir. Dövlət başçısı regionlarda görülmüş işləri sadalamaqla yanaşı, həmin fəaliyyətlərin qanunvericilik bazasını və institusional əsaslarını təşkil edən dövlət proqramlarının xüsusi rolunu vurğulamışdır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Kamran Bayramov deyib.

Deputat bildirib ki, görüş zamanı regional inkişafın əsas istiqamətləri , infrastrukturun yenilənməsi, yol təsərrüfatının genişləndirilməsi, elektrik və qaz təchizatının yaxşılaşdırılması, ekoloji tarazlığın qorunması kimi sahələrdə həyata keçirilən layihələr barədə məlumat verilmişdir: “Prezident bu proseslərin uğurunda yerli icra hakimiyyəti orqanlarının məsuliyyətinin həlledici olduğunu qeyd edərək, icra başçılarının fəaliyyət standartları, davranış mədəniyyəti, vətəndaşlarla ünsiyyət bacarıqları və onların qarşısında duran vəzifələr barədə dəqiq tələblər irəli sürmüşdür.

Belə görüşlərin müntəzəm xarakter daşıması, dövlət başçısının yerli icra strukturlarının işinə nəzarətinin sistemli şəkildə həyata keçirildiyini göstərir. Prezidentin açılış mərasimlərində, regional tədbirlərdə davamlı iştirakı isə regionların inkişafının ölkə rəhbərliyi üçün prioritet olduğunu bir daha təsdiqləyir. Qəbul zamanı həmçinin məşğulluq, daxili miqrasiya və sosial-iqtisadi mühitdə müşahidə olunan bəzi çatışmazlıqlar diqqətə çatdırılaraq, onların operativ həlli üçün göstərişlər verilmişdir.

Bu cür görüşlər dövlət idarəçiliyində şəffaflığın artmasına, məmur məsuliyyətinin güclənməsinə və yerli icra hakimiyyətlərinin əhalilə daha sıx təmasda olmasına xidmət edir. Bu isə regional inkişafın davamlılığını təmin edən mühüm mexanizmlərdən biri kimi çıxış edir”.

Müəllif: Səbinə Hüseynli
Seçilən
27
sia.az

1Mənbələr