AZ

“Əsas məsələ Zəngəzur dəhlizində tikinti işlərinə başlanılmasıdır” – Paşinyana CAVAB

“Baş nazir Nikol Paşinyan “Azərbaycan və Türkiyə Ermənistan ərazisindən maşınlarla tranzit imkanlarından istifadə edə bilər”, açıqlaması ilə qarşılıqlı jest etdiyini bildirir. Çünki Azərbaycan Prezidenti Astanada açıqlamışdı ki, Qazaxıstan taxılı Azərbaycan üzərindən keçməklə Ermənistana daşına bilər. Daha sonra Rusiyaya da belə bir imkan yaradıldı. Paşinyan sanki cavab jesti ilə belə bir təkliflə çıxış edib”.

Bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Musavat.com-a açıqlamasında bildirib.

elxan.jpg

Ekspert hesab edir ki, bu təklifdən əvvəl Zəngəzur dəhlizini sürətləndirməyə ehtiyac var:

“Belə çıxır ki, Ermənistanın gələn illə bağlı dövlət büdcəsində Zəngəzur dəhlizinin tikintisinə aid bənd yoxdur. Ümidləri ABŞ-yədir ki, bu layihəni Amerika maliyyələşdirəcək. ABŞ 145 milyon dollar ayırıb və bir o qədər də ayırmalıdır. Amma Paşinyan özü də etiraf edir ki, Tramp administrasiyasının xeyli problemləri var, həmçinin Yaxın Şərq, digər məsələlər. Ona görə də bu məsələ sanki ləngiyə də bilər. Hətta 2026-cı ilin ortalarından tikintiyə başlana biləcəyini deyir. Bizim üçün önəmli olan Zəngəzur dəhlizinin bu hissəsində işlərə start verilməsidir. Tikinti başlasa, iki il də çəkəcək”.

Elxan Şahinoğlu xatırladıb ki, Azərbaycan öz ərazisindəki tikinti işlərini gələn ilin ortalarına qədər yekunlaşdıracaq:

“Belə çıxır ki, 2-2,5 il Ermənistanın nə zaman tikintini yekunlaşdıracağını gözləməliyik. Ermənistan bütün ümidlərini ABŞ-yə bağlayıb. Deyək ki, ABŞ büdcəni ləngidə bilər, bir az gecikmələr ola bilər. Belə çıxır ki, kimsə pul verməsə, Ermənistan bu işlərə başlamayacaq. Ona görə də belə bir təkliflə çıxış edib ki, əgər Zəngəzur dəhlizi yoxdursa, gəlin mənim ərazimdən maşınlarla tranzit imkanlarından istifadə edin. Əlbəttə, bu məsələyə də baxmaq olar. Lakin əvvəlcə baxılmalıdır ki, avtomobil yolunun vəziyyəti necədir və sərhəddən keçid necə təmin olunacaq. Təbii ki, bütün bunlar araşdırılmalıdır. Amma əsas məsələ Zəngəzur dəhlizində tikinti işlərinə başlanılmasıdır”.

E.Paşasoy,
Musavat.som

Seçilən
22
musavat.com

1Mənbələr