AZ

Zəngəzur dəhlizində yenilik: Kimin xeyrinədir?

Cebheinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Şərq-Qərb dəmir yolu ilə bağlı qavrayışımız və istəyimiz marşrutun aşağıdakı kimi olmasıdır: Azərbaycandan Mehriyə, sonra Naxçıvana, daha sonra Yerasxa (Arazdəyən) və Axurikdən (Arpaçay) Türkiyə sərhədinə qədər”.

Ermənistanın Baş naziri Nikol Paşinyan bunu 14 noyabrda İrəvanda keçirilən “Sülh Kəsişməsi: Regional Rabitənin İnkişafı” konfransındakı çıxışında belə deyib.

“Bərpa etmək üçün yalnız kiçik bir hissə qalıb və biz artıq bunun üzərində işə başlamışıq”, - deyə Paşinyan bildirib.

O qeyd edib ki, Qarsdan Naxçıvana uzanan Qars-Dilicu dəmir yolunun tikintisinə artıq Azərbaycanda başlanılıb. 

“Eyni marşrutu burada Axurik (Arpaçay)-Yerasx (Arazdəyən) marşrutu vasitəsilə təmin etmək mümkün olduğundan bir neçə milyard dollar xərcləməkdən yayınmaq imkanımız var. Bu, Vaşinqton Sülh Sammitidir və əlbəttə ki, biz bu istiqamətdə çalışırıq”, - deyə hökumət başçısı bildirib. 

Paşinyan ABŞ Prezidenti Donald Trampın davam edən proseslərdəki rolunu bir daha qeyd edib. “Əlbəttə ki, Ermənistan-Azərbaycan sülh prosesi əvvəlki dövrdə olduqca müsbət idi. Lakin aşkar çətinliklər də var idi. Bu razılığa gəlməyimizə imkan verən həlledici amil Prezident Trampın şəxsi iştirakı oldu.

Cədvəlimiz belədir: ilin sonuna qədər artıq formalaşdırılmış mətnlə hüquqi məsələləri yekunlaşdırmaq, bundan irəli gələn bütün qərarları 2026-cı ilin birinci yarısında qəbul etmək və 2026-cı ilin ikinci yarısında tikinti işlərinə başlamaq”. 

O deyib ki, bütün mübahisəli məsələlər Vaşinqton Bəyannaməsində yer aldığı üçün layihənin həyata keçirilməsinə heç nə mane olmur:

“Bizə yalnız razılaşmanı həyata keçirmək lazımdır”. 

Qeyd edək ki, Nikol Paşinyan noyabrın 13-də verdiyi açıqlamada da “Tramp marşrutu”nda Sovet dövründə mövcud olmuş köhnə dəmir yolu xəttinin bərpa olunacağını deyib. Yəni söhbət Horadiz-Mehri-Ordubad-Arazdəyən dəmir yolundan gedir. Lakin Paşinyanın sözlərindən aydın olur ki, Ermənistan hökuməti “Tramp marşrutu”nu “Sülh kəsişməsi” layihəsinin tərkib hissəsi kimi təqdim etməyə çalışır. 

Çox güman ki, Paşinyanın bu sözləri daha çox daxili ictimai rəyə hesablanıb. O, seçkilər öncəsi müxalifətin tənqidlərindən yayınmaq üçün Zəngəzur dəhlizinin açılması məsələsində hər hansı güzəştə getmədiyini, Vaşinqtonda imzalanmış razılaşmanı özünün təqdim etdiyi “Sülh kəsişməsi” ilə bağlı olduğunu demək istəyir. 

Əslində, ABŞ-dən gələn mütəxəssislər Azərbaycanın təklif etdiyi varianta üstünlük verib. Sadəcə, bu layihədə yenilik Zəngəzur dəhlizindən keçən dəmir yolunun Ermənistan ərazisindən Türkiyəyə daxil olduqdan sonra hazırda inşası gedən Qars-Dilicu dəmir yolu xəttinə birləşməsi ilə bağlıdır. Bununla da Ermənistan həm vəsaitə, həm də vaxta qənaət etmək istəyir. 

Müşfiq Abdulla 

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
33
1
cebheinfo.az

2Mənbələr