ABŞ və İsveçrə, nəhayət ki, ticarət razılaşması əldə edə biliblər.
Musavat.com xəbər verir ki, məlumatı ABŞ-ın ticarət nümayəndəsi Ceymson Qrir CNBC-yə verdiyi müsahibədə açıqlayıb. Onun sözlərinə görə, razılaşmaya əsasən İsveçrə mallarına tariflər 39 faizdən 15 faizə endiriləcək. O, bildirib ki, "razılaşmanın təfərrüatları Ağ Evin saytında dərc olunacaq".
Qririn dediyinə görə, razılaşmanın bir hissəsi olaraq, İsveçrə Donald Trampın prezidentliyi dövründə ABŞ-ın əczaçılıq və qızıl emalı kimi sektorlarına 200 milyard dollar, o cümlədən gələn il 70 milyard dollar investisiya qoymaq öhdəliyini götürüb: “İsveçrə əczaçılıq və dəmir yolu avadanlıqları da daxil olmaqla, istehsalın əhəmiyyətli həcmlərini ABŞ-a köçürmək niyyətindədir. Biz bu razılaşmadan və bunun Amerika istehsalı üçün nə demək olduğundan çox məmnunuq".
Bundan əlavə, Qririn sözlərinə görə, İsveçrə Boeing təyyarələrinin alışını artırmaq niyyətindədir.
Qeyd edək ki, ABŞ-ın İsveçrə idxalına tətbiq etdiyi 39 faizlik tarifləri Vaşinqton tərəfindən inkişaf etmiş ölkələrə tətbiq edilən ən yüksək tariflər idi.
Musavat.com