AZ

Toy dəvətnamələrində yeni qayda: “Xahiş edirik, məclisə uşaqlarla gəlməyin” Ənənəmiz hara gedir?

Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.

Son illər toy dəvətnamələrində gözə çarpan yeni cümlə var: “Xahiş edirik, məclisə uşaqlarla qatılmayın.” Səbəb kimi balacaların qaçmağı, ağlamağı, diqqəti yayındırması göstərilir. Lakin məsələ bundan qat-qat dərin və tənqidə açıqdır. Bu, cəmiyyətin toy anlayışının köklü dəyişməsidir.

Əvvəllər toylar ailə bayramı idi. Çünki təkcə iki insanın birləşməsi yox, iki nəslin, iki qohumluq çevrəsinin, bütün icmanın bir araya gəldiyi gündür. Uşaqlar həmin anların ayrılmaz hissəsi sayılırdı. Böyüklər oynayarkən kənarda şirniyyat yeyən, səhnəyə qaçıb gülüş yaradan, “toy görmə” təcrübəsini toplayan da elə onlar idi. Toyun enerjisi məhz bu qarışıqlıqdan doğurdu.

İndi isə toylar getdikcə steril, kurasiyalı və marketinq məhsuluna çevrilir. Dekor, fotozonalar, dress-kodlar, instaqram uyğunluğu, tədbir agentliklərinin ssenariləri… Belə bir “şou formatında” uşaq, doğrudan da, planlaşdırılmamış dəyişkənlik deməkdir. Amma sual budur ki, toyun məqsədi fotoestetika üçündür, yoxsa ailə birliyi?

İqtisadi faktor da az deyil. Restoranlar hər oturacaq üçün vəsait tələb edir. Toyların bahalaşdığı bir dövrdə cütlüklər büdcəni “səmərələşdirmək” üçün uşaqları siyahıdan çıxarırlar. Bu, səmimi şəkildə etiraf olunmur, amma reallıqdır.

Əlbəttə, hər cütlüyün seçim haqqı var. Lakin adət, kollektiv yaddaş, həmrəylik hissi məhz uşaqların səmimiyyəti ilə böyüyüb.

Leyla Mirzə, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
75
icma.az

1Mənbələr