AZ

Bazarlarda əhalini belə zəhərləyirlər

İllərdir tənqid olunan “8-ci kilometr” bazarında vəziyyət daha dözülməzdir

Azərbaycanda ən çox istehlakçı hüquqlarının pozulduğu, antisanitar mənzərələrin adi hala çevrildiyi yerlər məhz bazarlardır. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, bu məkanlarda ilboyu əhali faktiki olaraq zəhərlənir, amma çoxları bunun fərqinə varmır. O bildirir ki, xüsusilə paytaxt bazarlarında təhlükəli mənzərə göz önündədir:

Eyyub

“Antisanitar şəraitdə satılan qida məhsullarını alan vətəndaşlar evlərinə zənbil dolusu zəhər daşıdıqlarının fərqinə varmırlar: “Yaşıl bazar”da buraxılış tarixi, son istehlak tarixi göstərilməmiş kisələrlə məhsullar açıq şəkildə satışdadır. Bircə müsbət nümunə olaraq balıq bölməsinin müasir qaydalara uyğun təşkilini qeyd etmək olar”.

Ekspertin sözlərinə görə, illərdir tənqid olunan “8-ci kilometr” bazarında vəziyyət daha dözülməzdir. Ərazinin başdan-ayağa antisanitariyaya qərq olduğunu deyən E. Hüseynov bildirir ki, AQTA-nın son reydləri gec də olsa müsbət addımdır, amma bu tədbirlər problemin kökünü kəsmir: “Bir dəfə cərimələyirlər, məhsulları yığışdırırlar, ertəsi gün vəziyyət yenə əvvəlki kimi olur. Sabah gedin – eyni mənzərəni görəcəksiniz. Çünki bazar sahibi cəzalanmır, məsuliyyət daşımır. Böyük məbləğdə cərimə tətbiq edilməlidir ki, anormal vəziyyətə göz yummasın”.

Qida Təhlükəsizliyi Agentliyinin məlumatına görə, “8-ci km” bazarında – “Nəzrin-E” MMC-yə məxsus ərazidə aparılan plandankənar yoxlamalar neqativ faktları bir daha üzə çıxarıb. Süd və süd məhsullarının, turşuların, diri balıqların lazımi soyuducu avadanlıqlar olmadan, temperatur rejimi pozularaq, baytarlıq-sanitariya ekspertizası keçirilmədən satışa çıxarıldığı müəyyən edilib. Həmçinin bazarın daxilində diri quşların satışı və yerindəcə kəsimi qanunsuz şəkildə həyata keçirilir. Bütün bunlar həm heyvan mənşəli məhsulların təhlükəsizliyini, həm də ümumi sanitariya mühitini ciddi şəkildə təhdid edir.

8-ci

Mütəxəssislər hesab edir ki, bazarlara nəzarət yalnız reydlərlə, cərimələrlə tənzimlənə bilməz. Çünki cərimələr prosesin özünə yox, nəticəsinə yönəlir. Problemin aradan qaldırılması üçün bazar rəhbərlərinin hüquqi və maddi məsuliyyəti artırılmalı, sanitar normaların pozulmasına görə çox yüksək maliyyə sanksiyaları tətbiq olunmalı, təkrar pozuntular zamanı fəaliyyətin tam dayandırılması mexanizmi işə düşməlidir.

Digər tərəfdən, bazarlarda kameraların quraşdırılması, onlayn nəzarət sistemi, daim işlək laboratoriya otaqlarının yaradılması və hər satıcı üçün məcburi qeydiyyat prosedurunun tətbiqi vacib sayılır. Qida təhlükəsizliyi kimi həssas sahədə “bir dəfə yoxlayıb getmək” yanaşması işləmir. Daimi nəzarət və sərt məsuliyyət olmadan antisanitar bazarların qarşısını almaq mümkün deyil.

“8-ci

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli “Yeni Müsavat”a açıqlamasında bildirib ki, bu sahədə qayda və qanun yaradılmalıdır.

Onun sözlərinə görə, sovet vaxtı bu qaydalar mövcud olub və ona riayət edilib:

İpoteka

”Son 30 ildə biz bu sahəyə nəzarət edə bilməmişik. Hesab edirəm ki, kənd məhsullarının bazara çıxması üçün operativ yoxlamalar aparılmalıdır. Məsələn, bazarın ümumi bir rəy verən qurumu, laboratoriya olmalıdır. Məhsul həmin laboratoriyada müayinə olunub, yaxud da vizual baxılıb məhsul bazara buraxılmalıdır. Digər tərəfdən bazarda şərait yaradılmalıdır ki, həmin məhsullar satışa gedənə qədər xarab olmadan saxlanıla bilsin. Nəyinki digər Avropa ölkələri, hətta postsovet məkanında artıq bununla bağlı ənənələr formalaşıb. Mən hələ Baltikyanı ölkələri demirəm. Hətta Qazaxıstanda, Özbəkistanda və Türkmənistanda da bazarla bağlı xüsusi qaydalar formalaşıb. Bazara məhsul gətirən hər bir şəxs anlayır ki, onun satdığı yoxlanılacaq və bazara buraxılacaq. Bu məsələdə bazar sahiblərinin üzərinə böyük məsuliyyət qoyulmalıdır. Onlar bazarda laborator yoxlama məsələlərini özləri təşkil etməlidirlər. AQTA bazardakı nəticələri yoxlaya bilər ki, məsələn, şor hansı formada məkana daxil olub və satışı necə olmalıdır. Qurum bunu bazar sahibindən tələb etməlidir ki, şərait yaradılsın. Agentlik loru dildə desək, haqq-hesabı bazar sahibi ilə etməlidir. Çünki bazar hökumətin yox, sahibkarındır. Sahibkardan tələb etməlidirlər ki, o, bu şəraiti yaratsın.

Hazırda rayonlarda fəaliyyət göstərən mal bazarları bağlanıb. Həmin bazarlara tələblər qoyulub. Belə ki, AQTA eskiz göndərib ki, bazarları bu formada təşkil edin ki, biz sizə onları yenidən açmağa icazə verək. Bu, tam normal yanaşmadır və digər bazarlara da tətbiq edilməlidir ki, oraya girsin bir prosedura olsun. Bu proseduralar həmçinin kifayət qədər yüngül və operativ olmalıdır ki, fermeri bazardan bezdirməsin və asanlıqla oraya girə bilsin. Bu təkcə AQTA-nın özünü həyata keçirəcəyi bir şey deyil, o, öz fəaliyyətini həm də cəmiyyətin köməyi ilə qurmalıdır. Hər bir vətəndaşın zərər çəkdiyi məhsuldan şikayət edəcəyi və əlinə rəsmi arayış alacağı bir neçə qurum olmalıdır. Məsələn, bazardan alıcı şor alır və evə gələndə məlum olur ki, onun dadı yaxşı deyil və vaxtı keçib. Bunu təsdiq edən müstəqil laboratoriya olmalıdır. Vətəndaş hətta bu arayışla məhkəməyə də müraciət edə və təzminat ala bilər”.

Ekspert deyir ki, bazarlara nəzarət mexanizmi dəyişməlidir: “AQTA seçmə monitorinqlərin əsasında cərimələmə yox, işə qiymət vermə etməlidir. Avropada o cür monitorinqlərin nəticəsində fiksasiya edilən qanunsuzluqlara görə sahibkarı cərimələmirlər, sadəcə olaraq sistemin nəticəsini yoxlayırlar. Təkcə cərimə qayda yaratmaq üsulu deyil. Yaralı üsul vətəndaşın nəzarəti ola bilər. Avropada müstəqil laboratoriya var. Orada bu gün AQTA-nın həyata keçirdiyi nəzarəti vətəndaş özü edir. Buna görə də ölkəmizdə qida təhlükəsizliyi sistemi dəyişməlidir”.

İqtisadçının sözlərinə görə, kəndlinin hər zaman bazara çıxış imkanı olmalıdır: “Bazarlar qalmalı və genişlənməlidir ki, marketlərdəki qiymətlərə təsir etmək imkanı olsun. Bazar supermarketlə rəqabətə girməli və özünə daha çox alıcı cəlb etməlidir. Sadəcə olaraq onun qeyd etdiyimiz nəzarət infrastrukturu asan şəkildə qurulmalıdır”.

Qida üzrə ekspert Asim Vəli qəzetə bildirib ki, kəndli müəyyən ödəniş qarşılığında bazarda məhsulunu sata bilir.

Marketdəki

Onun sözlərinə görə, bazar sahibləri bu şəxsləri yüksək riskli qidaların - ət və ət məhsullarının, südün, şorun, pendirin və s. məhsulların satışını təşkil etmək üçün dondurucularla təmin etməlidir: ”Məhsul bir neçə gün ərzində, satılana qədər bazarda qalır. Buna görə də belə riskli qidalar mütləqdir ki, soyuducularda saxlanılmalıdır. Vətəndaş da belə yerdən ət məhsulu alarkən onun saxlanma şəraitinə, ətin hansı temperaturda saxlanılmasına xüsusi diqqət etməlidir. Çünki ət və süd məhsulları zəhərlənmədə, xəstəliyin yaranmasında ən riskli qidalar qrupuna aiddirlər. Mən uzun müddətdir ki, antisanitar şəraitə görə bazarlardan alış-veriş etmirəm. Nadir hallarda meyvə və tərəvəzi əgər təmiz şəraitdə satılırsa, o zaman alıram. Kənd məhsullarını isə alarkən çox diqqətli oluram. Yaşıl bazar təmirdən çıxandan sonra nisbətən standartlara uyğun formalaşdırıldı. Digər bazarları da təmiz, sanitar qaydalara uyğun qurmaq olar, çətin deyil, sadəcə olaraq məhsulun maya dəyərinə təsir edəcək və qiymətlərdə artım baş verəcək, bu da təminatı aşağı olan istehlakçının işini çətinləşdirəcək, ancaq sağlamlıq hər şeydən üstündür”.

Qeyd edək ki, qida obyektləri qida məhsullarının saxlanılması üçün müvafiq qulluq və təmizləməyə imkan yaradan, parazitlərin daxil olması və çoxalmasına yol verməyən, məhsulların saxlanması zamanı effektiv müdafiəni təmin edən, qida məhsulunun xarab olmasının qarşısını alan mühiti təmin edən avadanlıqlarla təchiz edilməlidir. Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın 22.5-ci bəndinə əsasən, qanunvericiliklə müəyyən edilmiş keyfiyyət və təhlükəsizlik tələblərinə cavab verməyən malların və məhsulların satışı, eyni zamanda satış üçün xüsusi şəraiti olmayan yerlərdə (obyektlərdə) tez xarab olan ərzaq məhsullarının satışı qadağandır. “Qida təhlükəsizliyi haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, ticarət (xidmət) obyektlərində qida məhsullarının satışına həmin obyektlər qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən olunmuş tələblərə cavab verdiyi və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qeydiyyata alındığı və ya təsdiq edildiyi halda yol verilir.

Şahanə Rəhimli,
Musavat.com

Seçilən
99
musavat.com

1Mənbələr