AZ

Gənc sahibkarlara dövlət dəstəyi

Startaplar ideya və imkanları reallığa  çevirirlər

Dünyanın nəbzi artıq böyük şirkətlərdə deyil, kiçik otaqlarda, kofe masalarının arxasında, kompüter ekranlarının işığında yaranan ideyaların ritmi ilə döyünür. Ona görə də bu gün  cəmiyyətin yenilik axtarışının, gənc beyinlərin cəsarətinin və gələcəyə olan inamın daşıyıcısı olan startaplara daha çox ehtiyacı var.  

Çünki müasir dövrün inkişaf tempini artıq çevik düşüncə və sürətli qərarvermə diktə edir. 

Bu sistem hər gün yüzlərlə insanı özünə çəkir. Əsas səbəb də həmin mühitdə məhdudiyyətlərin deyil, imkanların söz sahibi olmasıdır. Böyük riskin ardınca böyük uğurun gəldiyini bilən gənc təşəbbüskarlar öz ideyalarını reallığa çevirmək üçün yarışır, ölkələrin innovasiya xəritələrini yenidən cızırlar. Startaplara indi  biznes modeli olmaqla yanaşı, dəyişən dünyanın sürətli tempinə uyğunlaşan yaradıcılar da demək olar. Startap əslində nədir? Sadə  dillə təsvir etsək, bu, yenilikçi bir ideyanın ətrafında formalaşan, sürətlə böyümə potensialına malik, riskli, lakin bir o qədər də cəlbedici biznes modelidir. Startap ənənəvi şirkətdən fərqli olaraq, əvvəlcə kiçik bir ideya kimi yaranır, daha sonra düzgün strategiya, çevik yanaşma və innovativ düşüncə ilə böyük bir layihəyə çevrilə bilər. Mahiyyətində dəyişiklik axtarışı dayanır, köhnə üsulları təkrarlamaq əvəzinə onları yeniləməyə üstünlük verir. Məhz buna görə startaplar texnologiyadan tutmuş təhsilə, sağlamlıqdan maliyyəyə qədər bütün sahələrə dinamizm gətirir və inkişafın əsas lokomotivlərindən birinə çevrilir.

Bu mənada Azərbaycanda startap ekosistemi son illər özünəməxsus inkişaf mərhələsinə qədəm qoyub. Gənclərin innovasiyaya marağı, rəqəmsallaşmanın sürətlənməsi və dövlətin bu sahəyə ayırdığı diqqət ölkədə yaradıcı təşəbbüslərin sayını artırıb. İndi maraqlı ideyası olan gənclər özlərini tək hiss etmirlər. Texnoparklar və müxtəlif mentorluq proqramları onlara həm bilik verir, həm də praktiki dəstək göstərir. Azərbaycanda startaplar daha çox rəqəmsal xidmətlər, təhsil texnologiyaları, logistika, kənd təsərrüfatı innovasiyaları və maliyyə texnologiyaları kimi sahələrdə  boy göstərirlər ki, ba da ölkənin inkişaf strategiyası ilə üst-üstə düşür. İqtisadiyyatın şaxələnməsi  və qeyri-neft sektorunun güclənməsi üçün məhz bu cür çevik, tez uyğunlaşan layihələrə ehtiyac var. 

Bütün bu inkişaf tendensiyası fonunda dövlət dəstəyinin rolu xüsusilə diqqət çəkir və bu sahədə ən mühüm mexanizmlərdən biri  Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) startaplara təqdim etdiyi "Startap'" şəhadətnaməsidir. Qeyd edək ki, 2021-ci ildən etibarən innovativ məhsul və xidmətlərin istehsalı məqsədilə startap layihələri üçün təqdim olunan "Startap" şəhadətnaməsi almış sahibkarların sayında nəzərəçarpan  artım müşahidə olunur. KOBİA-nın məlumatına görə,  indiyədək hüquqi və fiziki şəxslər olmaqla, ümumilikdə 220 sahibkarlıq subyektinə "Startap" şəhadətnaməsi verilib. 

Şəhadətnamə alan startaplar əsasən FinTech, EdTech, HealthTech, AgriTech, GreenTech, rəqəmsal turizm, nəqliyyat-logistika xidmətləri və süni intellekt sahələrində fəaliyyət göstərirlər. Onlardan 43-ü regionlardan, 177-si isə Bakı şəhərindəndir. Qeyd edək ki, şəhadətnamə alan sahibkarların 31-i qadındır.  Onu da  əlavə edək ki, İnnovativ layihələr üçün KOBİA tərəfindən ayrılan 20 min manata qədər qrant dəstəyi startapların öz ideyalarını reallığa çevirməsinə və sürətli inkişafına təkan verir. Bu dəstəyin nəticəsində yaranan yeni məhsul və xidmətlər, eləcə də startaplar arasında qurulan əməkdaşlıqlar, ölkəmizdəki innovativ ekosistemin daha da canlanmasına və fəallaşmasına xidmət edir.

Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanda startap investisiyalarının istiqamətləri dəyişir və xüsusilə süni intellekt və texnoloji innovasiyalara maraq getdikcə artır. Son bir ildə startap investisiyaları süni intellektə (Sİ), xüsusilə generativ Sİ layihələrinə yönələn sərmayələrin artması ilə ölkəmizdə innovasiya dalğasının gücləndiyini açıq göstərir. KOBİA-nın məlumatına görə, marağın ən çox yönəldiyi sahələr sırasında maliyyə texnologiyaları (FinTech), elektron ticarət və rəqəmsal xidmətlər xüsusi yer tutur. Yerli bazarda, həmçinin təhsil texnologiyaları (EdTech) və kənd təsərrüfatı üzrə innovativ layihələr diqqət mərkəzindədir. Xüsusilə texnoloji yeniliklərə və avtomatlaşdırmaya əsaslanan layihələrə olan marağın sürətlə artması isə ölkədə startap ekosisteminin dinamizmini açıq şəkildə göstərir. Dövlət dəstəyi isə məhz bu sahələrin inkişafına və startap ekosisteminin güclənməsinə mühüm təkan verir.

Xoş haldır ki, yerli investorlar daha çox real bazar ehtiyaclarını qarşılayan, kommersiya potensialı yüksək olan startaplara maraq göstərirlər. Xüsusilə biznes proseslərinin avtomatlaşdırılması, müştəri təcrübəsinin rəqəmsallaşdırılması və xidmət keyfiyyətinin artırılmasına yönəlmiş yeniliklər diqqət mərkəzindədir. İnvestorların üstünlük verdiyi sahələrdən biri də kənd təsərrüfatına innovativ yanaşmadır. Aqrar sahədə rəqəmsal idarəetmə, logistik zəncirlərin optimallaşdırılması və istehsalyönümlü  innovasiya layihələri ölkədə kənd təsərrüfatının modernləşməsinə və məhsuldarlığın artırılmasına mühüm töhfə verir. Unutmayaq ki, sosialyönümlü layihələrə - təhsilə, sağlam həyat tərzinə olan investor marağı da ekosistemin daha balanslı şəkildə  inkişafını təmin edir. Nəticə olaraq KOBİA yerli bazarda investorların prioritetlərini belə yekunlaşdırır: "Qeyd edə bilərik ki, yerli bazarda praktik, dayanıqlı və ixrac potensialı olan startaplara üstünlük verildiyi müşahidə olunur".

Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Seçilən
53
azerbaijan-news.az

1Mənbələr