Lənkəran şəhərinin Nizami küçəsində zibil problemi həllini tapmır.
NOCOMMENT.az -ın Cənub bürosunun verdiyi xəbərə görə, Lənkəran şəhərinin Nizami küçəsi Lənkəran Rayon Mərkəzi Xəstəxanasından bazara gedən yolda natəmizlik hökm sürür.
Bu yoldan daha çox piyadalar istifadə edir
Gün ərzində demək olar ki, yüzlərlə insan küçədən keçir və hər gün də üfunətlə üzləşir. Ərazidə zibil qutularının olmamasına görə sakinlər məişət tullantılarını selofan paketlərə yığaraq küçə qapılarında, ya da yol kənarında qoymaq məcburiyyətində qalırlar.
Zibil maşınlarının əraziyə gec gəlməsi isə tullantıların günlərlə yığılıb qalmasına səbəb olur.
Bu da ərazidən keçən insanların narazılığına gətirib çıxarır.
“Xüsusilə yay aylarında isti havalarda zibilin günlərlə qalması ətrafda pis qoxu yaradır. Bəzən də küçədə gəzən heyvanlar paketləri dağıdaraq zibil tullantılarını yola atırlar”, – yoldan istifadə edənlər bildirir.
Sakinlər aidiyyəti qurumlardan əraziyə zibil qutularının qoyulmasını və tullantıların vaxtında təmizlənməsini xahiş edirlər.
