“Karvan”ın yeni baş məşqçisi Füzuli Məmmədov Azərbaycan Premyer Liqasının 13-cü turunda “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, Yevlax təmsilçisi bu gün Bakıda qarşılaşdığı Ağdam klubuna 0:2 hesabıyla uduzub.
Füzuli Məmmədov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Futbolçularımız ilk hissədə dediyim plana uyğun yaxşı oyun sərgilədilər. İkinci yarıda bir az yorğunluq hiss olundu. “Qarabağ”ın əvəzetmələrindən sonra daha çox güc sərf etdik. Amma buna rəğmən, komandam yaxşı oyun göstərdi. Məğlub olmamağa çalışırdıq. Amma bu da futbolun bir hissəsidir. “Qarabağ”ı təbrik edirəm. Oyunu təhlil edəcəyik. Qarşıda matçlar var. Həmin görüşlərə çox ciddi hazırlaşacağıq.
Komandanın heyətində çox yaxşı futbolçular var. Sadəcə, onlarda istədiyimiz performans yoxdur. Futbolçuların fiziki durumunu yüksəltməyə çalışacağıq. Bunun üçün zaman lazımdır. Hər oyun bizim üçün önəmlidir. Oyundan-oyuna komandamız daha da yaxşı olacaq”.
