
30 noyabrda ABŞ və Ukrayna nümayəndə heyətləri arasında Floridada baş tutan məsləhətləşmələr çətin və gərgin olsa da, məhsuldar keçib.
AFN.az xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb. Ukraynalı rəsmilərin sözlərinə görə, görüş əsasən Rusiya ilə mümkün sülh razılaşması çərçivəsində sərhədlərin necə müəyyən olunacağı məsələsinə həsr olunub. Müzakirələrin böyük hissəsi ərazilərə nəzarətlə bağlı olub. "Axios" yazır ki, ABŞ Ukraynanın sülh müqaviləsi naminə müəyyən ərazilərdən imtina etməsini istəyir.
Görüşdə ABŞ tərəfindən dövlət katibi Marko Rubio, prezident Donald Trampın xüsusi elçisi Stiven Uitkoff və Trampın kürəkəni Cared Kuşner iştirak ediblər. Ukrayna tərəfindən isə Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov, xarici işlər nazirinin birinci müavini Sergey Kisliça və digər rəsmilər iştirak ediblər. Tramp görüşdən sonra bildirib ki, razılaşma əldə olunması üçün yaxşı şanslar mövcuddur.
Vaşinqtonun əvvəl təqdim etdiyi 28 maddəlik sülh planı Ukraynada və Avropada narazılıq yaratmışdı. Daha sonra bu plan Moskva və Kiyevin mövqeləri nəzərə alınaraq yenidən işlənib və maddələrin sayı 22-yə endirilib. Tramp bildirib ki, yalnız bir neçə mübahisəli məsələ qalıb.
"Axios"un məlumatına görə, Stiven Uitkoffun 2 dekabrda Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyi gözlənilir.