AZ

Özbəkistanın nəhəng mədəniyyət layihəsi - Ağ Evdən yeddi dəfə böyükdür FOTOLAR

BAKI, 2 dekabr. TELEQRAF

Özbəkistan paytaxtı Daşkənddə inşa edilən İslam Mədəniyyəti Mərkəzi (CISC) səkkiz illik tikinti və hazırlıq prosesindən sonra 2026-cı ilin martında qapılarını açmağa hazırlaşır.

Teleqraf xəbər verir ki, layihənin məqsədi ölkənin İslam elmi və mədəni irsinin dünyaya təqdim edilməsi, öyrənilməsi və yenidən canlandırılmasıdır.

Mərkəz həm muzey, həm də elmi tədqiqat kompleksi funksiyasını yerinə yetirəcək.

Kompleks üç mərtəbədən ibarətdir. Quruluş Hollivud işarəsindən dörd dəfə hündür, Ağ Evdən isə yeddi dəfə böyükdür. Binanın üst hissəsini 65 metr hündürlüyündə mavi qübbəyə bəzəyir. Layihə üzərində 40-dan çox ölkədən 1 500 mütəxəssis işləyib.

Mərkəzin memarlığı Timurilər dövrünün (XV–XVI əsrlər) məşhur Səmərqənd üslubundan ilhamlanıb — böyük tağlar, mozaika, mavi kaşılarla örtülü günbəzlər və incə ornamentika.

Direktor Firdavs Abduхalikovun sözlərinə görə, burada sadəcə eksponatlar göstərilmir. Alimlərin təfəkkürü, ideyaları, həyatları da təqdim edilir.

Mərkəzdə süni intellekt texnologiyaları ilə tədris zonası, canlandırılmış alim portretləri ilə interaktiv dialoqlar, 200 min kitablıq elmi kitabxana, qlobal alimlərin tədqiqat aparması üçün laboratoriyalar və arxivlər yer alır.

Mərkəz müstəqillikdən sonra Özbəkistanın İslam mirasını bərpa səylərinin bir hissəsidir. Sovet dövründə ölkədən çıxarılmış mədəni eksponatların geri qaytarılması istiqamətində də iş aparılıb. “Christie”s və “Sotheby”s auksionlarında əldə edilmiş 2 mindən çox tarixi artefakt geri gətirilib.

Ekspozisiyada nadir nümunələr təqdim olunacaq. VII əsrə aid Osmanın Qurani-Kərimi, müxtəlif dövrlərdə məşhur xəttat və hökmdarların yaratdığı 114 Quran əlyazması da mərkəzdə yer alacaq.

Mərkəzin maliyyə dəyəri və maliyyə mənbələri açıqlanmır.

2025-ci ilin sentyabrında baş verən tikinti yanğını açılış tarixini gecikdirib, lakin əsas işlər tamamlanıb.

Seçilən
8
teleqraf.com

1Mənbələr