AZ

Kubada onlarla insan ağcaqanadlar vasitəsilə yayılan viruslardan ölüb

Kubanın Səhiyyə Nazirliyi 33 nəfərin ağcaqanad sancmaları ilə yayılan arboviruslardan öldüyünü bildirib.

KONKRET.az rəsmi “Granma” qəzetinə istinadən məlumatına görə, ölkədə çətin epidemioloji vəziyyət qalmaqdadır, “denge” və “çikunqunya” qızdırmaları daha çox yayılıb.

Səhiyyə nazirinin müavini Karilda Pena Qarsianın sözlərinə görə, “denge”dən 12 nəfər (onlardan yeddisi 18 yaşdan kiçikdir), “çikunqunya”dan isə 21 nəfər (onlardan 14-ü uşaq) ölüb.

Ölkə üzrə yoluxma hallarının ümumi azalmasına baxmayaraq, bəzi ərazilərdə epidemioloji vəziyyətin pisləşdiyi bildirilir. Pena Qarsianın sözlərinə görə, son bir həftə ərzində Kubada “çikunqunya” qızdırmasına yeni 5 717 yoluxma halı qeydə alınıb. Ümumi yoluxma hallarının sayı 38 938-ə çatıb ki, bunlardan 1 260-ı testlərlə təsdiqlənib.

Yüksək hərarət, iltihab, oynaq ağrısı ilə müşayiət olunan və ağırlaşmalara səbəb ola bilən xəstəliyin spesifik müalicəsi yoxdur. “Denge” qızdırması ölkənin bütün əyalətlərində yayılıb.

Noyabrın ortalarında Kuba Prezidenti Migel Dias-Kanel bildirib ki, səhiyyə orqanları COVID-19 pandemiyası zamanı istifadə olunan yanaşmaları tətbiq edərək epidemioloji vəziyyəti sabitləşdirmək üçün işlərini davam etdirir. O vurğulayıb ki, kubalı alimlər və müxtəlif sahələrdəki mütəxəssislər təcili qərarlar hazırlamaq üçün mövcud məlumatları təhlil edirlər.

//Report

Seçilən
7
1
konkret.az

2Mənbələr