AZ

Körpələrdə sarılıq ciddi fəsadlara səbəb ola bilər - Pediatrdan xəbərdarlıq

"Körpələrdə sarılıq ciddi fəsadlara səbəb ola bilər".

Pediatr Aynur Bağırova News365.az-a bildirib ki, yenidoğulmuşlarda sarılığın uzunmüddətli ağır fəsadları əsasən mərkəzi sinir sisteminə təsirlə bağlıdır.

Bu fəsadlara serebral iflic, eşitmə və görmə problemləri, zehni inkişaf geriliyi daxil ola bilər.

O, izah edib ki, belə problemlər bilirubinin beyinə zəhərli təsiri nəticəsində meydana gəlir və əsasən müalicə edilməmiş, ağır sarılıqda rast gəlinir. Qanda bilirubinin səviyyəsi yüksəkdirsə və sürətlə artırsa, bu fəsadların riski daha da yüksəlir.

Bağırova qeyd edib ki, ilkin mərhələdə ağır nevroloji əlamətlərə qıcolmalar, yuxululuq, əzələ tonusunun dəyişməsi, zəif qidalanma və ümumi süstlük daxildir. Uzunmüddətli nəticələr isə karlıq, zehni gerilik, serebral iflic, görmə pozğunluğu və inkişaf ləngiməsi kimi problemləri əhatə edə bilər.

Həmçinin, sarılığın ağır formaları qaraciyər funksiyasının pozulmasına, həzm və böyrək sistemlərində çatışmazlığa, qanaxma riskinin artmasına səbəb ola bilər. Bəzi hallarda anemiya və dalağın böyüməsi də müşahidə olunur.

Pediatr vurğulayıb ki, yenidoğulmuşlarda sarılıq ciddi diqqət tələb edən vəziyyətdir: “Bilirubin səviyyəsini izləmək üçün pediatr tərəfindən tez müayinə vacibdir. Vaxtında diaqnoz və müalicə ilə ağırlaşmaların əksəriyyətinin qarşısını almaq mümkündür və proqnoz müsbət olur”.

Seçilən
11
news365.az

1Mənbələr