Amerikanın “ExxonMobil” neft şirkəti İraq Neft Nazirliyinə “Lukoil”in Qərbi Kurna-2 yatağındakı aktivlərini almaq istədiyini bildirib. Bu barədə İraqdakı mənbəyə istinadən “Reuters” agentliyi məlumat yayıb.
Dekabrın 1-də İraq Neft Nazirliyi “Facebook”da açıqlama yayıb ki, ABŞ şirkətləri ilə Qərbi Kurna-2 yatağının idarəçiliyinin xarici şirkətə verilməsi ilə bağlı danışıqlara başlanılıb. Hansı şirkətlərlə danışıqlar aparıldığı açıqlanmayıb.
Nazirliyin bəyanatında qeyd olunub ki, yatağın amerikalı şirkətə verilməsi həm ümumi maraqların təmin olunmasına, həm də dünya bazarlarının stabilliyinin artırılmasına imkan yaradacaq. Həmçinin bildirilib ki, Qərbi Kurna-2-nin nəzarət paketinin satışı İraq neftinin çıxarılmasının fasiləsizliyini təmin edəcək və bazardakı payını qoruyacaq.
Oktyabrın 15-də Böyük Britaniya “Lukoil”ə qarşı sanksiyalar tətbiq edib. ABŞ Maliyyə Nazirliyi 22 oktyabrda Rusiya şirkətini sanksiya siyahısına daxil edib. Növbəti gün Avropa İttifaqı Rusiyaya qarşı 19-cu sanksiya paketini elan edib və “Lukoil”in Dubayda yerləşən ticarət bölməsi “Litasco Middle East DMCC”yə məhdudiyyətlər tətbiq edib.