AZ

"Şəkidə 1 beş ulduzlu, 6 üç ulduzlu və 1 iki ulduzlu otel fəaliyyət göstərir"

Dövlət Statistika Komitəsinin məlumatına görə, Şəkidə ötən dövrdə otellərdə gecələmə sayı 21 mindən artıq olub. 

Milli.Az xəbər verir ki, bunu Şəkiyə təşkil olunan mediatur zamanı jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin Şəki Regional Turizm İdarəsinin rəisi Şahin Məlikov deyib.

Onun sözlərinə görə, regionda icma əsaslı turizm geniş yayıldığından yəni sakinlərin fərdi evlərini qonaq evləri kimi təqdim etməsi səbəbindən real rəqəmlər bundan xeyli yüksək ola bilər.

"Hazırda Şəkidə 42 yerləşmə müəssisəsi fəaliyyət göstərir. Buraya yalnız otellər deyil, müxtəlif kateqoriyalı yerləşmə obyektləri daxildir. Turizm haqqında qanuna əsasən, otel ayrıca təsnifat obyektidir və Dövlət Turizm Agentliyi tərəfindən ulduz sertifikatlaşdırması həyata keçirilir".

Qeyd edib ki, artıq 14 otel auditdən keçib:

"Hazırda Şəkidə 1 beş ulduzlu, 6 üç ulduzlu və 1 iki ulduzlu otel fəaliyyət göstərir. Ulduz təsnifatına düşməyən digər müəssisələr isə meyarları tamamladıqdan sonra yenidən müraciət edərək sertifikat ala bilərlər".

Turizm sahəsində sahibkarlığın təşviqi ilə bağlı qeyd edib ki, regionun yüksək turizm potensialı nəzərə alınaraq dövlət tərəfindən sahibkarlara aşağı faizli kreditlər təqdim olunur. Turizm fəaliyyəti üçün lisenziya və digər icazə formaları ləğv edildiyi üçün sahibkarlar maneəsiz şəkildə fəaliyyət göstərə bilirlər. Bu, yerləşmə obyektləri, ictimai iaşə məkanları, qonaq evləri və turizm şirkətləri üçün geniş imkan yaradır:

"Şəbəkələşmə görüşləri zamanı sahibkarların bütün sualları dövlət qurumlarının nümayəndələri tərəfindən cavablandırılır, mövcud problemlərin həlli istiqamətində addımlar atılır. Regionun təbliği məqsədilə keçirilən info-turlar sənaye nümayəndələrinin iştirakı ilə təşkil olunur və bu, regionun cəlbediciliklərinin ictimaiyyətə tanıdılmasında mühüm rol oynayır".

Nəzərə çatdırıb ki, xidmət keyfiyyətinin artırılması üçün bu il iki günlük təlim proqramı keçirilib və növbəti illərdə bu fəaliyyət genişləndiriləcək. Regionun aqroturizm potensialı nəzərə alınaraq gələcəkdə məhz aqroturizmlə bağlı xüsusi təlimlərin təşkili planlaşdırılır".

Mina Mikayılova
Milli.Az

Seçilən
62
2
milli.az

8Mənbələr